Tələbələr niyə təqaüd ala bilmir?

Azərbaycan Dövlət Dəmir Yolu Liseyində tələbələr 2 aydır təqaüd almır.
 
Saytımıza müraciət edən valideyn Dəyanət Rüstəmova bu barədə məlumat verib. O bildirib ki, 2016-cı ildə tələbələr aylıq təqaüdləri qaydasında alsalar da, bu ildən onların "stipendiya”sı kəsilib.

D. Rüstəmova bununla bağlı Lisey rəhbərliyinə və Təhsil Nazirliyinə müraciət etsə də, hər iki mənbə ona belə bir halın olduğunu təsdiqləyib, amma səbəbi barədə hər hansı açıqlama verə bilməyiblər: "Dedilər ki, heç özümüz də bilmirik. Amma deyilib ki, təqaüdlər kəsilsin”.

D.Rüstəmova bildirib ki, yaxınlıqda yerləşən Turizm Liseyindən oxşar problemin olub-olmaması ilə maraqlanıb. Həmin liseydən cavab olaraq "Biz Mədəniyyət Nazirliyinin nəzdindəyik, təqaüdlər normal formada ödənilir” cavabını alıb.

Məsələyə aydınlıq gətirilməsi üçün fevralın 16-da Təhsil Nazirliyinə müraciət etdik. Dövlət qurumunun sözçüsü Cəsarət Valehov elektron poçt üzərindən yazılı sorğu verərsək, cavablayacağını bildirdi. Lakin bir neçə gün keçməsinə baxmayaraq, sorğuya cavab verilməyib./qafqazinfo.az/

MediaFax