"Bakı Mühəndislik Universiteti üçün hazırda plan yerləri müəyyənləşdirilir, siyahı hazırlanır”
Bunu saytımıza açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri, Bakı Mühəndislik Universitetinin rektor əvəzi Sülhəddin Gözəlov deyib. O bildirib ki, yeni yaradılan universitetdəki ixtisaslarla bağlı bir neçə variant var.
"Qafqaz Universiteti olan fakültələrdən əlavə olaraq bir sıra yeni mühəndislik ixtisasları üzrə Bakı Mühəndislik Universitetinə tələbə qəbulu planlaşdırılır. Yeni ixtisaslar texniki ali təhsil müəssisələrində olmayan, amma ölkənin bu gün və ya sabah ehtiyacı duyacağı sahələr üzrə olacaq. Ona görə indidən həmin ixtisaslar üzrə kadr hazırlanması qəbul proqnozunda nəzərdə tutulur”.
S.Gözəlov Bakı Mühəndislik Universitetinə dövlət sifarişi və ödənişli əsaslarla qəbulun aparılacağını deyib. Onun sözlərinə görə, ödənişli əsaslarla qəbul zamanı təhsil haqlarının artırılması nəzərdə tutulmayıb.
"Ödənişli əsaslarla qiymətlər tələbələrin xeyrinə olacaq. Təhsil haqlarının artırılmasından söhbət gedə bilməz. Qafqaz Universitetində oxuyan tələbələr artıq cari il üçün təhsil haqlarını ödəyib. Lakin növbəti tədris ilindən həmin ixtisaslar üzrə ödənişlər Bakı Mühəndislik Universitetinin qəbul planı təsdiq olunandan sonra hər bir ixtisas üçün nəzərdə tutulan təhsil haqqına müvafiq müəyyənləşdiriləcək”./azvision.az/
MediaFax