2016-cı ilin təhvil verilməsinə, 2017-ci ilin gəlişinə sayılı günlər qalıb.
Artıq televiziyalar da Yeni illə bağlı proqram çəkilişlərinə başlayıb. Onlar müxtəlif filmlər, layihələr və müsabiqələr hazırlayıblar. Təbii ki, sözügedən proqramların baş rol ifaçıları şou əhlidir.
Bəs, Yeni il bayramına bir neçə ay qalmış iş başına keşən şou əhli bayram gecəsini harada qeyd edəcək?
Sənət adamları arasında sorğu keçirdik.
Xanəndə Gülay Zeynallı bildirib ki, dekavr ayında istirahət etdiyi üçün bayram axşamı iş başında olacaq: "Həmişə Yeni ili iş başında keçirmişəm, bu il də elə olacaq. Sadəcə 23:30-dan 00:30-a qədər iş götürmürəm. 23:30-da evə qaçıram. Yeni ilə ailəmlə girmək istəyirəm. Dekabrda həyat yoldaşım və qızımla istirahət üçün İstanbula getmişdik, təzə gəlmişik. Səfər etməyimizə səbəb qızımın ad gününün olması idi. O, balacadır. Istəyirik ki, gözəl xatirələri olsun. Ad günü bəhanəsi ilə dincəldik. Ona görə də Yeni ildə heç yerə getməyəcəyik, Bakıda olacağıq”.
Teleaparıcı Şəhriyar Əbilov da Yeni ili səhnədə qarşılayacaq: "ATV-nin Yeni il proqramını çəkdik. Tamaşaçıları maraqlı bədii film gözləyir. Bütün kollektiv Qubada idik, həm çəkiliş etdik, həm əyləndik. Yeni il gecəsinə gəldikdə isə xüsusi planım yoxdur. Şou proqramlardan birində aparıcılıq edəcəyəm. Bayramda xalqımıza xidmət etmək mənə xoşdur”.
Müğənni Səidə Sultan bayramda iş başında olacaq: "Hazırda telekanalların bayram çəkilişlərinə gedirik. Bu il qar qızı canlandıracağam. Paltarım da hazırdır. Şaxta baba da həmkarım, dostum Niyam Salamidir”.
Müğənni Aysel Əlizadə bayramı ailəsi ilə qeyd edəcək: "Mən bayramları hər zaman xarici ölkələrdə keçirirdim. Bu il isə fərqlilik edəcəyəm. İstəyirəm ki, Yeni ilə ailəmlə girim. Bayramı onlarla keçirəcəyəm, sonra isə yəqin dostlarımla toplaşarıq”.
Müğənni Tünzalə Ağayeva Yeni ili səhnədə qarşılayacaq. O, Elite Event Hallda keçiriləcək gecədə sevilən mahnılarını ifa edəcək. "Papito Chocolata” mahnısının ifaçısı Seeya, "Qolos Ukrainı” layihəsinin finalçısı Vaqif Nağıyev və hit mahnıları ilə tanınan Ceyhun Zeynalovun da çıxış edəcəyi konsertin aparıcısı Mirsalam Mirsalamov və Nurlana Cəfərova olacaq.
Müğənni Röya Ayxan və Miri Yusif də bayram gecəsi iş başında olacaq. Onlar Olimpiya Stadionunda keçiriləcək konsert proqramında çıxış edəcəklər. Azərbaycanlı ifaçılarla yanaşı, gecədə Türkiyənin estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər./musavat.com/
MediaFax