Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda tanınmış meyxanaçı Elşən Xəzər (Elşən Qürbətov) ifadə verib.
E.Xəzər dindirilərkən bildirib ki, A.Pirəliyevlə yaxın münasibətləri olub, mənzili onun vasitəsi ilə alıb: "Mən binaya yoxlama gələndə sənədləri verdim, onlar yoxladılar. Ödənişləri göstərən çekləri də təqdim etdim. Sənədlər qaydasında idi. Mənzilin orderi var, amma kupçası yoxdur. Məni İsfəndiyar Axundovun özü də tanıyır. Pulu kimə verdiyimi xatırlamıram".
A.Pirəliyev E.Xəzərlə münasibətlərinin olduğunu, ancaq pulun tanışına verildiyini söyləyib.
Qeyd edək ki, A.Pirəliyev İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus evləri ondan xəbərsiz satmaqda və tikinti sahəsində bir neçə dələduzluq əməlində təqsirli bilinir.
İttihama aktına əsasən, A.Pirəliyev İ.Axundovun adamı H.Əliyevlə birlikdə "Şərur" MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. İ.Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsiliyyətinə cəlb olunub. Cinayət işində İ.Axundova ümumilikdə 1 milyon 900 min manat dəyərində ziyan dəydiyi göstərilib./report.az/
MediaFax