"İnter” klubunun yeni rəhbəri müəyyənləşib.
Məlumatı AFFA açıqlayıb.
Qurum Rəmiş Malıyevi "İnter” Peşəkar İdman Klubunda səlahiyyətli nümayəndə təyin edib. AFFA bununla da fevralın 1-dən klubun idarəçiliyini öz üzərinə götürdüyünü də rəsmən təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) İdarə Heyəti bank tərəfindən "İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. ABB tərəfindən verilən rəsmi açıqlamada sponsorluğun dayandırılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan bankda biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılması göstərilir.
Bankın müvafiq qərarla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciətinə və bank ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq "İnter” Peşəkar İdman Klubunun idarəçiliyini qarşı tərəfə verir. AFFA tərəfindən ABB-nin təklifinin qəbul edilməsində məqsəd Azərbaycan futbolunun, həmçinin futbolçuların maraqlarını qorumaq, Premyer Liqanın əsas komandalarından biri olan "İnter” PİK-in mövsümün sonuna qədər fəaliyyətini təmin etməkdir. AFFA klubun idarəetməsini öz üzərinə götürməklə bərabər yeni sponsor axtarışına başlayıb.
Qeyd edək ki, Rəmiş Təzəxan oğlu Malıyev 1976-cı il iyunun 16-da Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. 2008-ci il iyulun 1-dən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında hüquqşünas kimi fəaliyyətə başlayıb. Hazırda AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri vəzifəsində çalışır.
UEFA-nın Hüquq komitəsinin üzvü və UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsidir. Qadınlar arasında 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 dünya çempionatı və kişilər arasında 2016-cı ildə Azərbaycanda keçirilən U-17 Avropa çempionatının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü olub./qafqazinfo.az/
MediaFax