Tanınmış iqtisadçıdan bədbin Şərh

"Dünyada "Black Friday” qiymət endirimlərinin davam etdiyi günlərdə Azərbaycanda elektrik enerjisi, təbii qazın tariflərinin qaldırılması nə qədər təzadlı görünsə də, artıq ölkədə böyük bahalaşmaya start verilib".

Tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Tarif Şurasının differensial yanaşmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, əslində Tarif Şurasının differensial yanaşması, optimal qiymət siyasəti həm iqtisadi, həm də sosial aspektlərinə görə ciddi tənqidə layiqdir: "Əvvəla, Tarif Şurasının yanaşması differensial deyil, ikili tarif yanaşmasıdır. Diferensiallıq çox sayda müxtəliflik deməkdir. Belə müxtəliflik adətən gecə və gündüz, iqtisadiyyatın sahələri və ev təsərrüfatları, eləcə də adambaşına istehlakın normalar üzrə fərqli tariflərlə ifadə olunur. Azərbaycanda isə saat qurşağını belə düzgün seçə bilməyən hökumət (hazırda hava işıqlanması səhər saat 7.30-dan sonra başlayır) məqsədli şəkildə əhalini elektrik enerjisindən istifadəyə sövq edir.

Digər tərəfdən isə Tarif Şurasının son qərarı ilə əhali qrupu üzrə istehlakçılar üçün fərqləndirici səviyyənin 1 sayğaca görə 250 kilovat saat müəyyən edilməsi də iqtisadi cəhətdən əsaslandırılmayıb. Belə ki, bir çox ölkələrdə belə fərqləndirmə ailə üzvlərinin sayına müvafiq olaraq həyata keçirilir. Burda təbii ki, başlıca məqsəd aztəminatlı əhalinin sosial vəziyyətinin ağırlaşmasının qarşısını almaqdır. Azərbaycanda tətbiq edilən norma 1 nəfərlik ailənin minimal istehlak normasına uyğun gəlsə də, ailə üzvlərinin sayı 2 və ondan çox olanların ən minimal ehtiyaclarını belə ödəmir. Hətta, məcburi köçkünlər üçün adambaşına norma yay aylarında 100 kilovat, qış aylarında isə 200 kilovat, orta hesabla isə 150 kilovat müəyyən edilib".
 
 

Qubad İbadoğlu hesab edir ki, məcburi köçkünlər üçün uzun illərdir ki, tətbiq olunan normanı əsas götürərək Tarif Şurası elektrik enerjisinin tarif fərqləndirilməsi zamanı fərqləndirici normanı ailə başına deyil, adambaşına uyğunlaşdırmalı idi:"Azərbaycanda orta statistik ailənin 4, 5 nəfər olduğunu nəzərə alanda aylq norma belə differensiallaşdırılmalı idi: 1 nəfərlik ailə üçün 250 kilovat, 2 nəfərlik ailə üçün 300 kilovat, 3 nəfərlik ailə üçün 450 kilovat, 4 nəfərlik ailə üçün 600 kilovat, nəhayət 5 və ondan çox üzvləri olan ailə üçün 750 kilovat. Müqayisə üçün qeyd edim ki, Qırğızıstanda üzvlərin sayından asılı olmayaraq 1 ailə üçün minimal tarif ayda 700 kilovat, Türkmənistanda hər ay adambaşına 35 kilovat, 1 ailə üçün minimal olaraq isə 100 kilovat elektrik enerjisi pulsuz verilir. Əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir".

Q.İbadoğlu hesab edir ki, Tarif Şurasının son qərarı aşağıdakı fəsadlara səbəb olacaq:

"1. Yoxsulların sayı artacaq. Ev təsərrüfatlarının büdcə müayinəsi göstərir ki, ailədə uşaqların sayı artdıqca yoxsulluq səviyyəsi daha da dərinləşir. Belə olan halda əslində ölkədə aztəminatlı təbəqələr əsasən ailə üzvlərinin sayı çox olanlar sayılır. Tarif Şurasının son qərarı isə bu mühüm sosial aspekti nəzərə almadan verildiyindən ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayının sürətlə artımı müşahidə olunacaq.

2. Elektrik enerjisinin yığım səviyyəsi aşağı düşəcək. Qısa müddətli dövrdə yığım səviyyəsi sabit qalsa da, orta və uzun müddətli dövrdə elektrik enerjisinə görə boclu olan abonentlərin sayı artacaq. Bu isə satışı həyata keçirən qurumlarla əhali və qeyri-əhali qrupları arasında konfliktlər yaradacaq.

3. Əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxışı pisləşəcək. Müasir məişət (qab yuyan, paltar yuyan və qurudan və s. ) və elektron (televizor, radio, kompyuter və s.) avadanlıqların istifadə səviyyəsinin aşağı düşməsi nəticəsində ev təsərüfatlarında sosial-iqtisadi tərəqqinin nəticələrindən bəhrələnmək səviyyəsi aşağı düşəcək.

4. İnflyasiya səviyyəsi yüksələcək. Eyni və digər bazarlarda qarşılıqlı təsirlərdən və xərclərin artmasından qaynaqlanan faktorlar qiymətləri sürətlə bahalaşdıracaq. Qiymət artımı əvvəlcə elektrik enerjisi və qaz sərfiyyatı yüksək olan çörək bişirmə, qənnadı, emal, polad əritmə və digər müəssisələrinin məhsullarını, eləcə də dəmiryolu, metro nəqliyyatının xidmətlərini bahalaşdıracaq. Ümumi qiymət səviyyəsi artdıqca, mobil rabitə xidmətlərindən tutmuş hotel xidmətlərinədək müxtəlif sahələrdə bahalaşma müşahidə olunacaq.

5. Sosial narazılıq artacaq. Düzgün olmayan differensiallaşdırma siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək. İndi belələrinin sırasına diffensiallaşdırılmanın neqativ təsirlərinə məruz qalanlar da qoşulacaq"./qaynarinfo.az/

MediaFax