Tanınmış avtoritetin qardaşları Masallıda necə öldürüldü? - Təfərrüat

Kriminal avtoritet "Piter Elçin” ləqəbli Elçin Maşallah oğlu İsmayılovun qardaşının qətli ilə bağlı yeni təfərrüat məlum olub.
 
Bu barədə musavat.com-a İsmayılovların qohumları məlumat verib.

Əvvəlcə onu qeyd edək ki, "Piter Elçin”in 1979-cu il təvəllüdlü qardaşı Fariz İsmayılov ötən il dekabrın 21-də Masallı rayonunun Türkoba kəndi yaxınlığında öz avtomobilində qətlə yetirilib.

4 qardaş olan İsmayılovlardan artıq ikisi kriminal aləmdəki hesablaşmaların qurbanı olub. Qardaşlardan yalnız "Piter Elçin” kriminal aləmdə söz sahibi olsa da, hesablaşmaların qurbanları onun qardaşları olub.

Belə ki, ilk olaraq onun qardaşlarından Marif ötən ilin iyununda Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazarında güllələnərək qətlə yetirilmişdi. 6 ay keçməmiş isə Fariz İsmayılov güllələndi. "Piter Elçin”dən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.

"Piter Elçin”in yaxın ətrafından məlumatda bildirilir ki, kriminal avtoritetin qardaşları qisas məqsədi ilə qətlə yetirilib.

 

"Qətlə yetirilən hər iki qardaş ticarətlə məşğul olub. Onların kriminal aləmlə əlaqəsinin olmadığı məlum idi. Maarif meyvə-tərəvəz bazarında öldürüldü. Fariz isə 2012-ci ildən Azərbaycanda idi. Hər ikisi öz işləri ilə məşğul idi. Fariz Lənkəranda özünün və qardaşlarının ailəsinə baxırdı. Bu qətlləri isə "Piter Elçin”lə düşmənçiliyi olan şəxslər sifariş verib. Ona yaxın düşə bilməyənlər qardaşlarını öldürdülər. Bu qətli törədənlər də, sifariş verənlər də bilir ki, Maarif və Fariz kriminal aləmdən uzaq insanlar idi”, - deyə məlumatda qeyd edilir.

Sonuncu qətlin təfərrüatlarına gəlincə. Qeyd edək ki, qətli törətdiyini deyən Lənkəran sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadə könüllü olaraq polisə təslim olub. O, cinayəti törətdiyi İsrail istehsalı olan "UZİ" markalı avtomat tapançanı və 7 ədəd gülləni polisə təhvil verib. Hadisə yerindən isə 25 ədəd giliz tapılıb.

Cinayətin törədildiyi yer Fariz İsmayılovun yaşadığı kənddən bir neçə kilometr aralıda yerləşir.

Baş verən hadisə haqda  danışan İsmayılovların qohumları bildirib ki, qətli törədən Murad Quluzadə tək olmayıb. Belə ki, Fariz İsmayılovu "VAZ 21-06” markalı avtomobillə izləyən Murad Quluzadənin yanına bir nəfər də olub.

İsmayılovların yaxınları bu məlumatları izlədikləri videogörüntülərə əsasən dediklərini bildirirlər. Qətlin törədildiyi mağazanın nəzarət kameraları cinayət hadisəsini anbaan lentə alıb.

"Fariz evdən çıxıb qonşu kənddəki mağazanın qarşısında maşınını saxlayıb. Marketə siqaret və kontur almaq üçün girib. Arxadan gələn "06” Farizdən bir az aralıda dayanıb. Həmin maşında olanlardan biri - üzü saqqallı olan da Farizin arxasınca marketə girib. O, da marketdən alış-veriş edib, Farizdən sonra çıxıb. Fariz maşına oturmaq istəyəndə arxadan gələn Murad Quluzadə ona atəş açmağa başlayıb. Fariz ilk güllələrdə özünü itirməyib. Maşının qapısını itələyərək, ona təpik atıb. Bir az büdrəyən Murad yenə də ona atəş açmağa davam edib. Güllələrdən biri Farizin başına dəyib. Elə oradaca keçinib”- deyə Fariz İsmayılovun yaxınları deyir.

Video görüntülərdən məlum olub ki, qətlin törədilməsində iştirakında şübhəli bilinən digər - saqqallı şəxs isə marketdən çıxdıqdan sonra soyuqqanlı şəkildə Fariz İsmayılovun avtomobilinə yaxınlaşıb. Maşının içinə boylanan şəxs daha sonra iti addımlarla hadisə yerindən uzaqlaşıb. Qətli törədən Murad isə gəldikləri maşına minərək hadisə yerini tərk edib.

İsmayılovların yaxınları marketin nəzarət kameralarından çıxarılmış ikinci şübəhli - saqqalı şəxsin fotosunu da təqdim ediblər.



Cinayətin qabaqcadan bir qrup şəxs tərəfindən planlaşdırıldığını iddia edən Fariz İsmayılovun yaxınları bunu belə izah edir: "Polis tərəfindən aparılan ilkin araşdırmalar zamanı məlum oldu ki, bu şəxslərin gəldiyi avtomobil 1 ay əvvəl Masallının Bədəlan kənd sakinindən alınıb. Bu şəxsləri bizim kənddən heç kim tanımır. Onlar Farizin bizim kənddən kənarda izləyiblər. Onların bizim kəndə girməsi, kimisə izləməsi mümkün deyil. Son bir ay ərzində həmin maşını bizim kənddə heç kim görməyib. Onlar kəndin çıxışında Farizi izləyiblər. Onun tək olmasından istifadə edib, onu arxadan vurublar. "06”da olan digər şəxsin kim olması isə hələ ki, məlum deyil. Qabaqcadan planlaşdırılmış bu işi birlikdə törətdikləri məlumdur. Mağazadan çıxan saqqalı şəxs Farizin öldüyünə əmin olduqdan sonra oranı tərk edir ”.

Bədənində 9-10 güllə olan Farizin ölümünə əsas səbəb baş nahiyəsindən aldığı xəsarət olub. Fariz İsmayılovun yaxınlarının bildirdiyinə görə, Farizə atılan 25 güllədən 13-15-i ona dəyib: "Güllələrin bir neçəsi qollarını və ayaqlarını sıyıraraq keçib. Fariz onu maşının qapısı ilə itələyib və təpik vurub. Bu zaman qatil Farizə atəş aça bilməyib. Amma çoxsaylı güllələrdən biri onun başına dəydiyindən oradaca dünyasını dəyişib”. 

Qətli törətdiyini etiraf edən Murad Quluzadə ilə bağlı bəzi yeni məqamlar da üzə çıxıb. 

Məlum olub ki, Murad Quluzadə bir neçə il əvvəl Moskvada qətlə yetirilən kriminal avtoritet Amil Lənkəranskinin əmisi oğludur.

 

Amil Rövşən Lənkəranskinin yaxın adamlarından biri idi. Onun qətlində "Piter Elçin”in adı hallanır. Kriminal qruplaşmalar arasında qanlı hesablaşmaların cavabı olaraq Amilin ölümünə görə əvvəlcə Maarif İsmayılov, ardınca isə Fariz İsmayılov qətlə yetirildi. Hər iki qətlin qan davası olduğu qeyd edilir.

Əldə etdiyimiz məlumata görə Murad Quluzadənin atası Əfqan Quluzadə qətlə yetirilən Rövşən Lənkəranskinin ən yaxın adamlarından birinin sürücüsüdür.

Qeyd edək ki, Fariz İsmayılovun qətli ilə bağlı Cinayət Məcəlləsinin 120 "qəsdən adamöldürmə” və 228-ci (odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb.

MediaFax