Bir müddət əvvəl taksi sürücüsü işlədiyi ilə bağlı məlumat yayılan Əməkdar idman ustası və prezident mükafatçısı, boksçu Samir Məmmədov gənclər və idman naziri Azad Rəhimovla görüşəcək.
Bu barədə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev məlumat verib. Onun sözlərinə görə, görüş gələn həftə baş tutacaq: "Bu həftə ərzində Samir Məmmədovla yenidən görüşəcəm. Bu həftənin şənbə günü, ya da gələn həftənin bazar ertəsi onu nazirlə görüşdürəcəyəm. Olimpiya oyunlarına görə başımız bir müddət qarışmışdı. Samiri Azad müəllimə təqdim edəcəyəm və ondan xahiş edəcəyəm ki, mümkündürsə boksçumuz üçün iş düzəltsin. Bildirəcəyəm ki, o, mənim yanımda dünya çempionu olub, Avropa çempionu olub bir neçə beynəlxalq turnirlərin qalibidir”.
Qeyd edək ki, saytımız 14 qat Azərbaycan çempionu, yeniyetmələr arasında Dünya və Avropa çempionu, gənclərin Avropa çempionatının qalibi, kişilər arasında Dünya kuboku və dünya çempionatının bürünc mükafatçısı, kişilər arasında Avropa ikincisi boksçu Samir Məmmədovun ağır şəraitdə yaşaması ilə bağlı məsələni işıqlandırmışdı. Əməkdar idman ustası və prezident mükafatçısı S.Məmmədov saytımıza müsahibəsində ehtiyac üzündən taksi sürücüsü işlədiyini, bununla balalarını dolandırdığını bildirmişdi. Bu müsahibədən sonra isə Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev idmançımızı qəbul etmişdi./aznews.az/
MediaFax