Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Günün ikinci keçirilən prosesdə "Bakı Metropolitieni" QSC-nin keçmiş rəisi Tağı Əhmədovun qardaşı oğlu Şövqü Əhmədov və qohumu Elşən Tağıyev ifadə verib. Onlar istintaqa verdikləri ifadəni təsdiq ediblər. Lakin məhkəmə prosesində verdikləri ifadə ilə istintaq zamanı verdikləri ifadələr arasında ziddiyyət olduğundan onların ifadələri elan edilib. Hər iki şəxs məhkəmədə ifadələrində bildiriblər ki, MTN-nə aparılıblar. Onlar təqsirləndirilən şəxslərin heç birini tanımadıqlarını və MTN-də kim tərəfindən döyüldüklərini bilmədiklərini deyiblər. Bildirilib ki, MTN-də onları döyüb Tağı Əhmədovun əleyhinə ifadə almaq istəyiblər. Ş. Əhmədov həmin təzyiqlər nəticəsində T. Əhmədovun əleyhinə ifadə verdiyini deyib. E. Tağıyev isə onun əleyhinə ifadə vermədiyini bildirib. Hər iki şəxs istintaq zamanı hər hansı təzyiqə məruz qalmadıqlarını, sərbəst ifadə verdiklərini və həmin ifadəni təsdiq etdiklərini deyiblər.
Məhkəmə iclasında bildirilib ki, növbəti iclasda Tağı Əhmədov ifadə verəcək.
Proses dekabrın 28-də davam edəcək./APA/
MediaFax