Teleaparıcılar təqdim etdikləri proqramdan çox geyimləri, şəxsi həyatları və efirdə yol verdikləri kobud səhvlərlə gündəmi zəbt edirlər.
Son günlər isə ATV-nin 106.3 radiosunda aparıcı Aytən Səfərovanın "Buğa" bürcü altında doğulan insanları təhqir etməsi müzakirə mövzusuna çevrilib.
Belə ki, məşhur hüquqşünas Tahir Əlirzayev bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, 106.3 radiosunda aparıcılar Raqif Əliyev, Aytən Səfərova və Mətanət Əliverdiyevanın təqdimatında efirə verilən "Bumeranq" verilişində bürclər haqda məlumat verilərkən aparıcı Aytən Səfərova kobud səhvə yol verərək, "Buğa" bürcü altında doğulan insanları təhqir edib.
O, "Buğalar az yeyin, yağlı yeyib kökəlməyin, bir sözlə otlayın” deyərək, bu bürc altında doğulanları təhqir edib. Aparıcının bu sözləri insanlar tərəfindən birmənalı qarşılanmayıb. Onlar sosial şəbəkələrdə teleaparıcını təhqir edərək, onlardan üzr istəmələrini istəyiblər.
Teleaparıcı isə hüquqşünasın iddialarının əsassız olduğunu bildirib. O, qeyd edib ki, "buğa” deyərkən heyvanları nəzərdə tutub.
Ancaq insanların tənqidlərinə tuş gələn yeganə aparıcı Aytən Səfərova deyil. Son illərdə tez-tez teleaparılcıar yanlış ifadələrdən istifadə edərək, tamaşaçıların "qara siyahı”sına düşüb.
Fikirləri və hərəkətləri ilə tamaşaçıları qıcıqlandıran aparıcıların siyahısını hazırladıq.
"Hər şey daxil” verilişinin aparıcıları Sevil və Sevinc bacıları Azərbaycanın milli valyutasına hörmətsizlik edərək, efirdə 1 manatlıq əskinası cırmışdı. Daha sonra isə onlar Balakən rayonunun Naxçıvan MR-də yerləşdiyini deməklə gündəmə gəlmişdilər.
Teleaparıcı Mətanət Əliverdiyeva "Gündəlik” verilişində "şpaqat” açmışdı. Aparıcının bu hərəkəti uzun müddət müzakirələrə səbəb olmuşdu. Bir müddət sonra isə M.Əliverdiyeva Binəqədi rayonu ərazisindəki binanın yanması ilə bağlı səsləndirdiyi fikirlərlə tamaşaçıları qəzəbləndirmişdi. O, "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi, baxdıq, getdi” fikirlərinə görə tənqidlərə məruz qalmışdı. Teleaparıcı daha sonra efirdə ağlayaraq üzr istəmişdi.
ATV-də yayımlanan "Gün üzü" verilişi də gündəmə aparıcının kobud səhvi ucbatından gəlmişdi. Belə ki, teleaparıcı İlqar Mikayıloğlu əlindəki dəmir xətkeşi masanın kənarına sürtməklə çıxardığı səsi "qadın"a bənzətmiş və "Baxın, qadın budur! Kişilərin beynini xarab edir" deyə bildirmişdi. Aparıcının fikirləri qadınlara qarşı təhqir kimi qiymətləndirilmişdi.
Teleaparıcı Elnarə Təhməzova da dilinin bəlasına düşən aparıcılardandır. Onun "İncə maraqlar” verilişində qara geyim geyinən hicablıları "bayquş”a bənzətməsi dindarları ayağa qaldırmışdı. E.Təhməzovanın bu addımı böyük ajiotaj doğurmuşdu. ANS-in Yaradıcılıq Şurası isə aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və "İncə+” verilişlərinin yayımını dayandırmışdı.
Müğənni Səidə Sultanın aparıcısı olduğu "Əsl şou” proqramında səsləndirdiyi ifadə onun verilişdən uzaqlaşdırılmasına səbəb olub. O, qonağı olan müğənni Rəhim Rəhimlinin Niyam Salami haqqında sözlərinə "Adə, uşağımın xətrinə dəymə, cıraram səni”, - deyə reaksiya vermişdi. Səidənin sözləri sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Daha sonra o proqramdan uzaqlaşdırılmışdı./musavat.com/