Sürüşmə oldu, yol dağıldı - Video

Torpaq sürüşməsi Şamaxının Mədrəsə qəsəbəsində problemlər yaradıb.
 
Son günlər qəsəbədə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib. 460 təsərrüfat üzrə 2400 nəfərin yaşadığı Muğanlı qəsəbəsində torpaq sürüşməsi nəticəsində 150-dən çox evdə irili-xırdalı çatlar əmələ gəlib. İki ev tamamilə yararsız hala düşdüyündən sakinlər kompensasiya alaraq evlərini tərk ediblər. Hazırda isə 7 ev qəzalı vəziyyətdədir.
 
Sürüşmə nəticəsində sakinlərə məxsus həyətyanı sahələr və əkinə yararlı pay torpaqları, meyvə bağları, ümumilikdə 100 hektar torpaq sahəsi çökmə səbəbindən yararsız hala düşüb. Son günlər daha bir ev tamamilə yararsız hala düşdüyü üçün ailə çıxılmaz vəziyyətdə qalıb. Sakinlərin sözlərinə görə, son günlər havanın günəşli keçməsinə baxmayaraq, torpaq sürüşməsi yenə də davam edir.

Şamaxı rayon İcra Hakimiyyətindən bildirilib ki, torpaq sürüşməsi nəticəsində rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib. Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərdə daha çox müşahidə olunur.
 
Torpaq sürüşməsi yaşayış məntəqələri ilə yanaşı, Şamaxı-Qızmeydan avtomobil yoluna da ciddi ziyan vurub. Yolun 4, 6 və 10-cu kilometrliyində baş verən uçqun nəticəsində bir hərəkət zolağında asfalt örtüyü tamamilə çöküb. Bu səbəbdən avtomobillərin hərəkəti çətinləşib. Torpaq sürüşməsi zamanı bu yolun bir hissəsinin çökməsi rayonun 4 kəndinin Şamaxı şəhəri ilə nəqliyyat əlaqəsini çətinləşdirir. 
 
Hər gün avtomobillərin intensiv hərəkət etdiyi bu yol torpaq sürüşməsi nəticəsində dağılma təhlükəsi ilə üz-üzə qalıb. Sürücülərin sözlərinə görə, torpaq sürüşməsi baş verən ərazidə hər gün aktivlik müşahidə olunur və yol getdikcə daralır. Yolun sağ kənarındakı dağdan torpaq qatı sürüşərək yolun hərəkət zolağına tökülür, yolun sol tərəfindəki torpaq qatı isə sürüşərək dərəyə tökülür, nəticədə avtomobillərin gediş-gəlişinə maneə yaranır. 
 
Yerli sakinlərin sözlərinə görə, enişli-yoxuşlu bu yolda yaranan çatlar hər gün böyüyür. Sürüşmənin qarşısının alınması üçün ərazidə əsaslı bərpa və bərkitmə işlərinin aparılmasına ehtiyac var. Əks halda sürüşmə sahəsinin ərazisi daha da artaraq, yola xeyli ziyan vuracaq./APA/
 

MediaFax