Sürücünü öldürmək istəyirdilər... - Təfərrüat

Lerik rayonunda baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub.

Lerik Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Şahin Ağayevin verdiyi məlumata görə, quldurluq edən şəxslər sürücünü öldürmək istəyiblər: "Hadisə yanvarın 24-də 20.35 radələrində Lənkəran-Lerik yolunun 35-ci kilometrliyində baş verib. Lənkəran şəhər sakini 1969-cu il təvəllüdlü Əzimov Bahadır Cavad oğlu 102 qaynar xətt xidmətinə ona qarşı quldurluq hadisəsi törədildiyi barədə məlumat verib. O, istintaqa verdiyi izahatında bildirib ki, Lənkəran avtovağzalından sərnişin qismində dörd nəfər tanımadığı şəxsi Lerik rayonundakı istirahət mərkəzinə gətirməyə razılaşıb. İstirahət mərkəzinin yaxınlığında avtomaşını saxlatdıran arxa oturacaqda oturan sərnişinlərdən biri sürücünü bıçaqla hədələyərək avtomobildən düşməsini tələb edib. Aralarında mübahisə yaranıb, bu zaman sərnişinlərdən biri sürücünün baş nahiyəsinə küt alətlə zərbə vurub. Sonra sürücüyə qarşı zor tətbiq edilərək ona çoxsaylı bədən xəsarətləri yetiriblər. O, quldurların əlindən canını qurtarıb qaçmağa cəhd edib. 150 metrə yaxın qaça bilib. Lakin, həmin şəxslər yenidən onu tutaraq öldürmək istəyiblər. Çoxlu bədən xəsarətləri almasına baxmayaraq sürücü Bahadır Əzimov idarə etdiyi "Priora" markalı 90-KF-372 dövlət qeydiyyat nömrə nişanlı avtomaşınına oturaraq ərazidən uzaqlaşıb".

Rəis müavini bildirib ki, 102 xidmətinə məlumat daxil olduqdan dərhal sonra Lerik rayon Polis Şöbəsində əməliyyat-istintaq qrupu yaradılıb: "Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Astara rayon Siyəkü kənd sakinləri 1996-cı il təvəllüdlü Əlizadə Şamo Sahib oğlu, 1995-ci il təvəllüdlü Şabanov Ramin Ramiz oğlu, 1995-ci il təvəllüdlü Rzayev Elvin Şadoğlan oğlu saxlanılıblar.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 182.2.1-ci (hədə qorxu ilə tələbə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanıb./report.az/

MediaFax