Sürücülər ictimai nəqliyyatdan istifadə etsinlər - Yol polisi

Şaxtalı havada yolların sürüşmə ehtimalı yaranırsa, sürücülər ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verməlidir.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, şaxtalı havada avtomobili idarə etməyə uyğunlaşan peşəkar sürücülərin hərəkətinə şərait yaradılmalıdır: "Avtomobillər texniki cəhətdən saz, təkərlər qış rejiminə uyğun olmalıdır, təzyiq tələblərə cavab verməlidir. Həmçinin sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanmalıdır".

V.Əsədov vurğulayıb ki, yol və meteoroloji şərait nəzərə alınmaqla avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılmalıdır: "Dövlət nömrə nişanları görünməli, həmçinin fara işıqları təmiz saxlanılmalıdır".

Bölmə rəisi piyadalara da tövsiyələr verib: "Piyadalar onlar üçün ayrılmış ərazilər üzrə hərəkət etsinlər, yolun hərəkət hissəsinə çıxmasınlar, azyaşlı uşaqlara nəzarət etsinlər"./trend.az/

MediaFax