"Son illər Azərbaycanda süni mayalanma daha çox tətbiq olunur".
Bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev süni mayalanma yolu ilə çoxdöllü hamilələyin yaratdığı fəsadlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, süni mayalanma məsələsində həkim-pediatr və mama-ginekoloqlar arasında müəyyən narazılıqlar yaranır: "Əslində, süni mayalanmanı həyata keçirən mütəxəssis mütləq şəkildə uşaqların sayını nəzərə almalıdır. Bu cür hamiləlikdə uşaqların sayı bir və ya iki (əkiz) olmalıdır, bundan çox olması məsləhət deyil. Lakin bunu edən mütəxəssis özünü sığortalamaq, gələcəkdə ona verilən pulu geri qaytarmamaq üçün baştutma reallığının yüksək olması məqsədilə bir neçə mayalanmış yumurtanı uşaqlığın selikli qişasına inplantasiya edir. Bəzi analarda da bunun hamısı tutur və çoxdöllü hamiləlik olur".
Baş pediatr mütəxəssislərin müəyyən metodlar vasitəsilə mayalanmış yumurtanın bir qismini bətn daxilində olarkən reduksiya etdiklərini də deyib: "Ancaq həkimlərin əksəriyyəti bunu etmir. Təbii ki, çox döllülük həm ana, həm də uşaq üçün böyük risk faktorudur. Əslində, çoxdöllü hamiləlik ən yuxarı (üçüncü) səviyyəli doğuşayardım müəssisəsində həll olunmalıdır. Çünki burada böyük risk var. Uşaq həkimləri olaraq süni mayalanma zamanı hamiləliyin ya tək, ya da əkiz olmasının tərəfdarıyıq. Əgər süni mayalanma zamanı ana beşəm dünyaya gətirəcəksə, burada ilk gündən risk faktoru meydana çıxır. Çünki mütəxəssis hamiləliyin ilk həftəsində döllənmiş embrionların inkişaf etməyə başladığını və mütləq tədbir görülməli olduğunu görür. Ancaq bunu etmədikdə nəticə ürəkaçan olmur".
N.Quliyev qeyd edib ki, süni mayalanma ilə doğulan uşaqların sağlamlıq problemləri və onlarda olan risk faktorları digər uşaqlara nisbətən daha yüksək olur./report.az/
MediaFax