Sumqayıtda “Qutab festivalı” keçirilsin - Sakinlərin xahişi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edib.
 
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbula Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa rayonlarından olan vətəndaşlar qatılıb.
 
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib. Sumqayıt sakinləri tərəfindən Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhərlərin təsviri və tətbiqi sənət ustalarının əsərlərinin qarşılıqlı sərgilərinin, Sumqayıtda caz musiqi festivalının keçirilməsi, yerli rəssamların planerinin, şəhərdə beynəlxalq "Qutab festivalı”nın təşkili ilə bağlı təklif və təşəbbüslər diqqətə çatdırılıb, şəhərdəki musiqi məktəblərində ustad dərslərinin təşkilinə köməklik göstərilməsi xahiş edilib.
 
Nazir bildirib ki, hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təklif və təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir.

MediaFax