Ölkədə aktual məsələlərdən biri də insan sığınacaqlarının fəaliyyəti ilə bağlıdır.
Müəyyən problemlərlə və ya hadisələrlə qarşılaşdıqda sığınacaqlara müraciət etmək hər bir vətəndaşın haqqıdır. Bəs bu gün ölkədəki sığınacaqlar kifayət qədərdirmi?
Mehriban Zeynalova - "Təmiz Dünya" İB-nin sədri: " "Təmiz Dünya" qadınlara yardım İB-nin sığınacağı, "İkinci uşaqlara ümid yeri", daha sonra "Azərbaycan uşaqlar birliyi" və "Təmas" təşkilatı var Gəncədə. 2006-cı ildə isə DİN-in nəzdində təhlükəsiz sığınacaq açılıb. Bu yeganə dövlət himayəsində olan sığınacaqdır".
Bu gün ölkədə sığınacaqların sayı çox azdır. Hər dəfə bu yöndə işlər görüldüyü deyilsə də mənzərə dəyişmir. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də alternativsizlikdən şikayətlənir.
Kəmalə Ağazadə - "Azərbaycan uşaqlar birliyi"nin sədri: "Bu qədər probləmlərin həlli istiqamətində iş aparmaq çətindir. Biz həmişə deyirik ki, regional sığınacaq olmalıdır, Bakıda 1 yox, 10 dənə sığınacaq olmalıdır. Bu müxtəlif problemlərin qarşısını almaq deməkdir".
Kəmalə xanım həmçinin onu da bildirir ki, onlara müraciətlər çox olsa da yer çatışmazlığından uşaqları qəbul edə bilmirlər. Qəbul prosesinə gəldikdə isə bunun üçün müəyyən prosedurlar aparılır.
Kəmalə Ağazadə - "Azərbaycan uşaqlar birliyi"nin sədri: "Adımız uşaq sığınacağı reinteqrasiya mərkəzi gedir. Bu sığınacağa baxımsız vəziyyətdə olan uşaqlar, istisna hallarda valideynlər Hüquq mühafizə orqanlarının aktları əsasında qəbul olunur. Biz dərhal İcra Hakimiyyətinə məlumat veririk".
Qadınlar üçün sığınacaqların sayı da azdır. Hüquqsünas Tahir Əlirzayevə məsələnin hüquqi tərəfini öyrənmək üçün yaxınlaşsaq da o qadın sığınacaqlarının əleyhinə çıxdı.
Tahir Əlirzayev - Hüquqşünas: "Qadın müəyyən müddət - 1 həftə, 10 gün hər hansı sığınacaqda müvəqqəti yaşayış yeri əldə edir. Elə bunun evində yaşayış yeri var. 1 həftədən sonra nə olur? Elə bir hal varmı ki, sığınacaqlara gələn qadınlar evlərindəki şəraitdən daha yaxşı şəraitlə təmin edilsinlər".
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirirlər ki, sığınacaq qıtlığı olduğundan onların üzərinə böyük yük düşür.
Rahil Süleymanzadə - "AQUPDK"-nın əməkdaşı: "Daxili İşlər Nazirliyindən daxil olmuş statistik məlumatlara əsasən 2016-cı il ərzində 4114 münaqişəli ailələr qeydə alınmışdır. Bunlarla faktiki iş aparılıb".
Sözügedən Komitəyə müraciət olunduqda komitə daxilində fəaliyyət göstərən monitorinq qrupu müraciət edən ailəni araşdırır. Sonra DİN-ə müraciət olunur, həmin qurum da araşdırma aparır. Bütün bunlardan sonra ailə qeydiyyata götürülür. Qeydiyyatdan sonra isə...
Rahil Süleymanzadə - "AQUPDK"-nın əməkdaşı: "Onlarla iş aparılır, onların vəziyyəti öyrənilir, işlə təmin olunması üçün aidiyyatı qurumlarla əlaqə saxlanılır. Bir növ ailə, qadın komitəsi əlaqələndirici rol oynayır".
Bu gün sığınacaqlara düzgün yanaşma etməyib, öz xeyri üçün istifadə edənlər də az deyil.
Mehriban Zeynalova - "Təmiz Dünya" İB-nin sədri: "Məsələn mən sığınacağa gəlirəm, ev kirayəsini ödəyə bilmirəm məni sığınacağa qəbul edin və mənim pulum olanda sığınacaqdan çıxaram. Yox, bu, bizim hədəf qrupuna aid deyil və çox hallarda həmin şəxslərdən imtina edirik".
Sonda bir məsələni də qeyd edək ki, ölkədə sığınacaqların azlığı ilə bağlı suallarımızi ünvanlamaq üçün olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng etsək də qurum rəsmiləri bizə müsahibə verməkdən imtina etdilər./ARB/
MediaFax