"Sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən zorlandı”, "Sosial şəbəkədə tanış olduğu şəxs şantaj edib pulunu aldı”.
Bu xəbər başlıqlarına "tık”layıb içini oxuyanda hadisənin Azərbaycanda baş verməməsi bizə şüuraltı bir rahatlıq verir. "İraq olsun” deməyi də unutmuruq. Amma deyəsən qorxduğumuz başımıza gəlir, başqa sözlə, bu pis xəbərlər heç də "iraq olmur”.
Son bir aydın belə başlıqlı xəbərlərin içərisini açanda hadisənin İmişlidə, Bakıda, Şəkidə olduğunu oxuyuruq.
Sonuncu hadisə Bakının Sabunçu rayonunda yaşanıb. Ramana qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Alim Mehdiyev Qaraçuxur qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü A.Ş. ilə sosial şəbəkələrdən birində tanış olub.
Alim Mehdiyev 18 yaşlı qızla evlənəcəkləri barədə də söhbət aparıb. Sonra qızı öz ailəsi ilə tanış etmək, bunun üçün onu öz evinə gətirmək barədə razılaşıb. Qız da buna etiraz etməyib. Alim Mehdiyev qızı aldadaraq Ramana qəsəbəsi, Mədən küçəsində olan yarımçıq tikililərdən birinə gətirib. Alim Mehdiyev orada qızla cinsi əlaqədə olub.
Sonra Alim Mehdiyev qıza ailə quracaqlarını desə də, qız aldadıldığını nəhayət ki, anlayıb. Başına gələnləri anasına danışıb. Hadisə araşdırılır.
Müşahidələr də göstərir ki, son hadisədə olduğu kimi aldadılan əsasən azyaşlılar, sosial şəbəkəyə yeni-yeni "addım” atanlar olur. Özünü qoruma, insanları tanıma bacarığı formalaşmayanlar, sosial şəbəkəyə məlumat mənbəyi deyil, yalnız tanışlıq, söhbət kimi baxanları ələ almaq "professional”lar üçün elə də çətin deyil.
"Təmiz Dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalova təşkilata bu problemlə bağlı hər il bir neçə müraciətin daxil olduğunu deyir. Onun sözlərinə görə, təsir altına düşənlər əsasən azyaşlılardır: "Sosial şəbəkə iş, maraqlı məlumatlar öyrənmək üçün əlverişlidir. Lakin tanışlıq dost mərhələsinə keçəndə əksər hallarda buna diqqətsiz yanaşırıq. Hətta üzünü görmədiyimiz, xasiyyətinə bələd olmadığımız insanları "facebook dostlarımız” deyə həvəslə təqdim edirik. Həm də kiminsə haqqında məlumat toplamağı özümüzə rəva bilmirik. Bilməliyik ki, ünsiyyətdə olduğumuz şəxsləri araşdırmaq təbii haqqımızdır”.
Onun sözlərinə görə, qurbana çevrilmək üçün qızlar özləri şərait yaradır: "Ailədə ünsiyyət azalıb, bu da valideynlərin məşğulluğu ilə bağlıdır. Buna görə də insanlar kənardan dəstək axtarışına çıxırlar. Sosial şəbəkə isə ən əlverişli vasitədir. Valideyn övladının bütün günü evdə oturması, ona mənfi təsir edəcək insanlarla ünsiyyətdə olmamasına sevinir. Ancaq övladının sosial şəbəkədə böyük çevrədə əlaqələrindən xəbərsiz qalır. Azyaşlının isə qarşısındakının hansı məqsəd güddüyünü anlamaq bacarığı olmur. Bəzi istifadəçilərin əsas işi məhz sosial şəbəkədə insanları tora salmaq, pul qazanmaqdır. Əslində istifadəçilər olaraq biz də onlara kömək edirik. Gün ərzində əhvalımız, getdiyimiz yer, istirahət etdiyimiz məkanlar barədə detallı məlumatlar paylaşırıq. Yaxşı araşdırmaçı kiçik bir axtarışla istədiyi şəxs barəsində məlumat toplaya, siqnal sözlərlə onu ələ ala bilər. Valideynlər övladlarının sosial şəbəkədə davranışlarını diqqətdə saxlamalı, ona lazımi tövsiyə verməlidir. Özləri də sosial şəbəkədə istifadədə diqqətli olmalıdır. Xarici ölkələrdə valideynlər övladının oxuduğu məktəbi işarələməklə onun insan alveri qurbanına çevirməsinə dəfələrlə səbəb olub”.
Problemdən əziyyət çəkənlərin az olmadığını deyən M.Zeynalova eyni rəqəmi hüquq mühafizə orqanları və digər mərkəzlərə müraciətdə müşahidə etmədiklərini deyir: "İnsanlar öz məxfiliyini açmaq, düşdüyü vəziyyəti bildirməkdən çəkinir. Qarşı tərəf onu valideyn və yaxınlarının bilməsinin nə qədər dəhşətli nəticəsi olacağı ilə hədələyir. Qarşısındakını yaxşı tanıdığından hədələməsinin nəticə verəcəyinə əmin olur. Bizə bir nəfər xanım yarımçılpaq şəkilləri ilə hədələndiyinə görə müraciət etmişdi. Həmin xanıma kömək etmişdik. İstənilən halda bu, şəxsin etibarından sui-istifadədir”.
Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, bu halla qarşılaşanların hüquqları qorunur: "Bu problemi əsasən azyaşlılar yaşayır. Bunun qarşısını almaq yalnız maarifləndirmə, valideyn və müəllimlərin diqqəti ilə mümkündür. Sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən zorakılığa məruz qalan, şantaj edilən şəxslərin ilk müraciət edəcəyi ünvan hüquq mühafizə orqanları olmalıdır. Göndərdiyi şəkil, video ilə şantaj edilmək şərəf və ləyaqətin alçaldılması deməkdir. Burada hətta cinayət məsuliyyəti də var”.
M.Hacıyev bildirir ki, obyektiv və subyektiv səbəblər çox zaman müraciətlərin sayını azaldır: "Çünki müraciət edən şəxsə yaxınları, ailəsi, hətta işi aparan hüquq mühafizə orqanı əməkdaşları tərəfindən də irad tutulacaq. O, şəkil, videonu öz istəyi ilə göndərməkdə ittiham ediləcək. Buna görə ya müraciət olmur, ya da çox az olur. Şantaj çox pis həddə çatanda, ya da zorakılıq olandan sonra müraciət edirlər. Qanunlar həmin şəxsin hüquqlarını qoruyur. Ona görə də hüquq mühafizə orqanlarından bu məsələdə xüsusi yanaşma tələb edilir”./publika.az/
MediaFax