Sərnişin taksi sürücüsünü bıçaqlayıb maşınını satdı - Azərbaycanda

Şəmkir rayonunda taksi sürücüsü sərnişini tərəfindən bıçaqlanıb.

"Report" bildirir ki, hadisə axşam saatlarında rayonun Çinarlı qəsəbəsində baş verib.

Belə ki, naməlum şəxs taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobilə əyləşərək sürücü, Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Babayev Namiq Əli oğlundan onu Seyfəli kəndinə aparmasını xahiş edib. Yolda sərnişin sürücünü bıçaqla hədələyərək avtomobili saxladıb və daha sonra onu bıçaqlayaraq oradan uzaqlaşıb.

Yaralı yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
X X X

Şəmkir rayonunda taksi sürücüsü Babayev Namiq Əli oğlunu bıçaqlayan şəxs ona məxsus avtomobili qaçıraraq rayon ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexlərindən birinə satıb.

"Report" bildirir ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil tapılıb. Bıçaqlayan şəxsin axtarışı isə davam etdirilir.

MediaFax