“Səməd Vurğun “Ceyran” şeirini yazdığı çöldə maşını batırmışdı” - Maraqlı tarixçə

Bura məşhur Muğan düzüdür (Muğan adıyla iki ərazi var; biri Güney, biri isə Quzey Azərbaycanda yerləşir. Bu yazıda Quzey Azərbaycandakı Muğan düzündən bəhs edilir). Bir vaxtlar bu çöllər çeyran məskəni olub. Muğan - bir hissəsi doğulub boya-başa çatdığım Saatlı rayonunun ərazisində olan tarixi məskəndir.

Şəkildə gördüyünüz yaxın onilliklərdə çəkilmiş kollektor və ya su arxı deyil. Azadkənd yaxınlığında yerləşən, "Ovçu" düzündən keçən "Ovçu" kanalıdır. Nə zaman, hansı məqsədlə çəkildiyi məlum deyil. Bəzi mənbələrə görə, Araz çayının qədim dövrlərdəki yatağı olub. Lakin dövrümüzə qədər sudaşıma funksiyasını saxlaya bilib. Muğan düzünün ən çökəklik ərazilərindən keçib, vaxtilə qalıq və qurunt suları Xəzər istiqamətinə daşıyıb. "Ovçu" kanalının bəzi hissələri dərin su gölləri kimi qaldığından, sovet dövründə bundan balıqçılıq məqsədilə istifadə edilib, vətəgələr yaradılıb.
 

"Ovçu" düzündə, təxminən elə bu şəkildə görünən yerlərdə vaxtilə mərhum şair Səməd Vurğun "ZİM" markalı maşınını palçıqda batırıb. Onun maşınını Azadkənd kəndindən olan Əliağa adlı kişi palçıqdan çıxarıb. Lakin Əliağa kişi kömək etdiyi adamın Səməd Vurğun olduğunu sonralar bilib. Hətta etdiyi yardıma görə S.Vurğun Əliağa kişiyə şer də həsr edib. İndi mərhumun nəvələri həmin şeiri fəxrlə yada salırlar.

Onu da qeyd edim ki, şair Muğan çölünə məhz həmin səfəri zamanı məşhur "Ceyran" şerini yazıb. Yaşım çatmadığı üçün eşitmədiyim ceyran səslərini Səməd Vurğunun həmin "Ceyran" şerindən duymuşam. Bilirəm ki, şairin vəsf etdiyi ceyran mənim ayaq basdığım yerlərdə gəzib-dolaşıb.
 

Bu yerlərin, gəncliyimin unudulmaz anlarını özündə daşıyan sirli bir enerjisi var. Tez-tez getmək qismət olmur. Lakin yolum düşəndə, Küdrü yulğunlarına, söksöyülünə (yulğun və söksöyül - saksaul - hər iki ağac "Qırmızı kitab"a düşüb), yovşanına həsrətlə tamaşa edirəm. Çoxdankı dostlarımdır bunlar.
Burda heç vaxt eşitmədiyim ceyran səsləri də özlərini qulağıma çox yaxın hiss edirlər sanki. Son zamanlarda az-az görünən turac, kəklik quşlarını gözüm axtara-axtara qalır. Ərəb dovşanlarını demirəm hələ. Adam görəndə maraqlı həyəcanlanmağı var. Amma köhnə qonşularım son vaxtlar Küdrüdə (bu çöllüyə Küdrü də deyirlər) ərəb dovşanından çox ərəblərə rast gəldiklərini deyirlər...

Küdrünün "ilan mələyən" vaxtları olub. İndi isə kimlərinsə qoyun sürüləri mələyir. Əslində elə ilandansa qoyun yaxşıdı.

Muğanın bol-bərəkətli torpaqları haqda hələ Strabon hamıdan qabaq yazmışdı. O torpaqlar indi də öz bərəkətini saxlayır. Buna görə də artıq Küdrü düzü ucsuz-bucaqsız əkin sahəsinə çevrilir...
 

Deyəsən xatirələrimi tarixə, tarixi bu günə qarışdıra-qarışdıra gedirəm :) Əslində bu şəkil (mətnin içərisindəki 1-ci şəkil) olmasaydı, bu status da yazılmayacaqdı. Hə, sadəcə fb statusu. Yəni bunun adını yazı qoymazlar. Yazı redaktə olunur, mən isə birbaşa yazıram.

Yeri gəlmişkən, millət vəkili Əflatun Amaşovun təşəbbüsü və Saatlının icra başçısı Siraqəddin Cabbarovun təşkilatçılığı ilə (hər ikisinə təşəkkür) Saatlı və Muğan haqda yazı müsabiqəsi də keçirilmişdi. O müsabiqəyə bir çox tanıdığım jurnalist yazı verdi, yer tutdu, pul mükafatı aldı. Mən heç nə yazmadım. Yaza bilmədim. Muğandan, Küdrüdən utandım. Mən başa düşmüşdüm ki, bu torpağı sevmək üçün yazı yazmağa ehtiyac yoxdu. Mənim mükafatım - doğma Muğanımın, Küdrümün özüdür. Bu yerlərin təbiətidir, insanlarıdır, yulğunudur, söksöyülüdür, turacıdır, kəkliyidir, ərəbdovşanıdır.

Mən yazmadım. Amma hiss edirəm ki, bu yerlər haçansa mənim yaxamdan tutacaq, "bizdən niyə yazmırsan" deyə sual edəcək. Mən də vaxtı bəhanə gətirəcəm. İşlərimin çoxluğunu, amansız, qəddar şəhər həyatından bəhs edəcəm sadəlövh çöllərə. Muğan qaşqabağını, Küdrü isə göz yaşını tökəcək. Küdrünün dərdi çoxdu, ağlasa, göz yaşlarını el arasında "Şaqay" deyilən Baş Mil-Muğan kollektoru da daşıya bilməyəcək. Amma heç kim ona qulaq asmır. Heç kəs Küdrünün dərdini dinləmək istəmir. Dinləmək nədi, heç duymurlar da. Özü mənə danışıb bunu. Küdrüyə həmsöhbət lazımdı, mənim kimi. Mən də həmişə şair ola bilmirəm, çox vaxt jurnalist oluram. Küdrü məni jurnalist kimi yox, şair kimi sevir. Ona görə də yalnız şairliyim tutanda bura gəlirəm. Mən danışıram, o danışır. Dərdimiz yüngülləşir.

Neçə ildi gəlmirəm. Yenə hiss edirəm ki, dərdləşməyə ehtiyacım var. Gəlməyə can atıram, alınmır. Bilirəm ki, sən də darıxırsan məndən ötrü, doğma Küdrüm. Hərdən narahat oluram. Qorxuram səni məndən ayıralar. Qorxuram bir də gələndə səni tapmayıb dəli olum. Amma dəlilərin də səhraya, çölə ehtiyacı var. Həm də indiki dəlilərin çoxu əvvəllər mütləq mənim kimi ağıllı olub...

(Yazı Əvəz Qurbanlının facebook statusundan götürülüb)

MediaFax