Seçki olacaqsa, müxalifət iştirak edəcəkmi? - Açıqlamalar

26 sentyabrda keçirilən referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin gözlənildiyi barədə xəbərlər yayılmaqdadır.
 
Bir sıra ciddi siyasi analitiklər və siyasətçilər də növbədənkənar seçkilərin keçirilmə ehtimalının yüksək olduğunu bildirirlər. Növbədənkənar parlament seçkiləri keçiriləcəyi halda müxalifətin həmin seçkilərdə iştirak edib-etməyəcəyi ilə maraqlandıq.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyi fikirlərinin nə dərəcədə doğrulacağı yaxın zamanlarda bəlli olacaq: "Hadisələri qabaqlayaraq qəti münasibət bildirmək fikrindən uzaq olsam da, hər halda əgər növbədənkənar parlament seçkiləri keçirilərsə müxalifətin də bu seçkilərə qatılacağı qənaətindəyəm”.

Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı bildirdi ki, siyasi partiyaların başlıca vəzifələrindən birincisi hər zaman seçkilərdə iştirak etmək olmalıdır: "Seçkiləri boykot etməklə, sosial şəbəkələrdə və ya hansısa mətbuatda fikir bildirməklə kifayətlənmək siyasi institutların fəlsəfəsinə ziddir. Neqativlərə baxmayaraq, siyasi mübarizədən geri durmaq, fəaliyyətsiz qalmaq yox, insanlarımızın seçkilərə inamını bərpa etməklə proseslərdə iştirak etmək lazımdır və vacibdir.

Parlament seçkiləri ilə bağlı fikir bildirməyi hələlik məqbul hesab etmirəm, növbədənkənar seçkilər olsa zamanında Müsavat Partiyası olaraq mövqeyimizi bildirəcəyik".

ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, növbədənkənar parlament seçkilərindən daha çox prezident seçkilərinin keçirilmə ehtimalı böyükdür: "Hesab edirəm ki, mövcud parlamentdə hakimiyyət tərəfindən arzu olunmayan şəxslər varsa, onda növbədənkənar parlament seçkilərinin keçirilməsinin də şahidi olacağıq. Əks halda, hakimiyyətin buna gedəcəyini düşünmürəm. Çünki, parlament seçkilərində istər-istəməz ölkədə siyasi aktivlik artır, bu referendumdan sonra bu aktivliyin daha çox olacağını ehtimal etmək olar. Hakimiyyət də ölkədə siyasi aktivliyin artmasında maraqlı deyil. O ki, qaldı müxalifət partiyalarının növbədənkənar parlament seçkilərində iştirak edib-etməməsi məsələsinə, bu barədə qabaqcadan bir söz demək çətindir. Hesab edirəm ki, həmin situasiyanın diktəsi altında bu barədə qərar vermək olar. Təmsil etdiyim partiya sonuncu parlament seçkilərində və referendumda iştirak etmədi. Çünki, həmin seçkilərdə iştirak etməyin dövlət və xalq üçün heç bir əhəmiyyətinin olmayacağı qənaətindəydik. Əgər növbədənkənar parlament seçkiləri də keçiriləcəksə, müxalifətin həmin seçkilərdə xalqımızın və dövlətimizin maraqları baxımından iştirakı vacib olacaqsa, həmin seçkilərdə iştirak edilməlidir”./musavat.com/

MediaFax