Azərbaycanlı sənətçi Səbuhi Zaman Türkiyənin telekommunikasiya şirkəti olan "Turkcell"in önəmli şöbələrindən birinin yaradıcısı Ali Şayir adlı iş adamı ilə işgüzar görüş keçirib.
Bu barədə Mediafax.Az-a Səbuhi Zamanın özü məlumat verib.
"Görüş karapapak türklərindən olan iş adamı Ali Şayir bəyin şirkətinə aid olan ofistə baş tutdu. Türk dünyası ilə bağlı bir çox mədəni və ticari layihələri müzakirə etdik. Türk coğrafiyasının yeni dünya düzənində çox önəmli yeri və rolu olduğu xüsusilə vurğulandı. Ali Şayir bəy eyni zamanda ata torpaqları olan Karsda böyük çalışmalar apardığını, yatırımlar etdiyini və bölgədə siyasi, mədəni, sosial anlamda bütün prosesləri diqqətdə saxladığını bildirdi", - deyə sənətçi saytımıza bildirib.
S. Zaman onu da qeyd edib ki, mütəmadi olaraq ata yurduna səfərlər edən Ali bəy, Azərbaycan başda olmaqla, bütün türk cumhuriyətlərini əhatə edəcək layihələrin anonsunu da verib.
Görüşdə həmçinin sənətçinin musiqi və televiziya sahəsində yaxından əməkdaşlıq etdiyi bəstəkar, solist Ercan İstiklal da iştirak edib.
Sonda türkiyəli iş adamına sözləri Ercan İstiklala məxsus olan "Türk fermanı" adlı şeirin yazıldığı tablo hədiyyə edilib.