Səbail rayonunda təpələrin üzərində, mədən ərazisində məskunlaşan məcburi köçkünlər də var.
Onlarla ailə acınacaqlı, dözülməz durumda, neft quyularının əhatəsində, mazutlu yerlərdə, taxta komalarda və ömrünü başa vurmuş qəzalı binalarda yaşayır.
Sovet dövründən qalan, xarabalığa çevrilən zavodların damsız, pəncərəsiz otaqlarında ömürlərini çürüdən köçkünlərin gileyini dinlədik. 1993-cü ildən burada məskunlaşan gənc ailələrin nəfər sayı artıb, böyüyüb. Balaca otaqlarda 6-7 nəfər yaşayır. Köhnə yarımçıq binada məskunlaşan ailələr kommunal problemlərdən əziyyət çəkir. Binanın qəzalı olması barədə də FHN qərar çıxarsa da, insanlar məcbur yaşamalı olurlar. Kanalizasiya xətləri sıradan çıxdığından binanın zirzəmisi su içindədir. Rütubət və üfunət iyindən evlərdə durmaq olmur.
Mədən ərazisində məskunlaşan ailələr kiçik taxta və daş komalardan xilas olmaq üçün özlərinə normal ev tikmək istəsələr də, mümkün olmayıb. Onların dediyinə görə, hər hansı tikinti aparmağa cəhd etsələr də, mədən ərazisinə nəzarət edən naməlum şəxslər əraziyə gəlib, uçurublar. Adının çəkilməsini istəməyən şəxs bildirdi ki, yaşadıqları həyətdə tualet tikməyə belə icazə vermirlər: " Gördüyünüz kimi, neft buruqlarının arasında yaşayırıq. Ətrafdakı iy-qoxu ciyərlərimizə dolur. Uşaqlarımız xəstə düşüb. Buraların yiyəsi yoxdur. Nə bələdiyyə işləyir, nə də "JEK”. Ancaq daşı-daş üstünə qoyan kimi 10-15 nəfər qoluzorlu başımızın üstünü kəsdirir. Təsəvvür edin ki, tualet tikməyə belə icazə vermirlər. Bunun üçün gərək rüşvət verəsən. Ev tikmək, torpaq almaq istəyən onları "görməlidir”.
Ərazidə olarkən dəhşətli mənzərənin şahidi olduq. Ağdam rayonundan olan məcburi köçkün ailəsi köhnə, üstüaçıq, döşəməsi olmayan zavodun içərisində təqribən 10 kvadratmetrlik ərazinin zibillərini təmizləyib, yaşamaq üçün "otaq” hazırlayıb. Özləri deməsə də, sakinlərdən aldığımız məlumata görə, əvvəllər bura toyuq hini olub, ailədə artım olduğundan buranı düzəldib, otaq kimi istifadə etməyə məcbur qalıblar.
Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz./musavat.com/
MediaFax