Şahbazın bacısı telekanallardan kömək istədi

"Şahbazla bağlı heç bir yeni xəbər yoxdur. Yenilik odur ki, Şahbazın qızına atasının girovluqda olmasını söylədik və artıq qızı da bilir". 
 
Bu barədə Kəlbəcərə yaxınlarının qəbrini ziyarət etməyə gedərkən erməni əsgərləri tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.
 
İ.Quliyeva telekanallardan kömək istəyib:
 
"Heç olmasa telekanallar Şahbazın qızını efirə çəkib, göstərsəydilər, o da atasını istədiyini bildirərdi. Düzdü, dövlət maraqlanır. Hər halda istəyirəm ki, onun qızını danışdırsınlar".
 
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. 

Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb./sherg.az/

MediaFax