Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub yazmaqdan imtina edib.
Bu barədə AzVision.az-a Şahbaz Quliyevin qardaşı İlham Quliyev məlumat verib: "Bir neçə gün öncə Beynəlxalq Qızıl Xaç Komitəsi qardaşıma baş çəkib. Təşkilatdan bizə bildirdilər ki, Şahbaz etiraz edərək, məktub yazmaqdan imtina edib. Biz ona məktub yazmışdıq, amma cavalandırmayıb. Şahbaz bir onu deyib ki, ailəmə salam söyləyin. Şahbaz artıq başa düşüb ki, məktub yazmaq əbəsdir, əsas onların azadlığa buraxılması istiqamətində addımlar atılmalıdır. Şahbaz azadlığa çıxmağını tələb edir. Onun hansı vəziyyətdə olduğunu bilmirik”.
İ. Quliyev anasının hələ də Şahbaz Quliyevin girov düşdüyündən xəbərsiz olduğunu deyib: "Anam düşmənlə təmas xəttində yerləşən evdə yaşayır. Ermənilər aprel döyüşlərində onun evini güllə-baran etmişdilər. Tez-tez anamım evi atəşə tutulur. Başına erməni güllələri yağmasına baxmayaraq, anam evdən çıxmır”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurublar. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.