Saakaşvili xəyanətdən danışdı

Mənim əleyhdarlarım partiyanı ələ keçirmək planını öncədən hazırlamışdılar.

Bunu "Rustavi-2” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

"Plan belə idi ki, əgər partiyanı (Vahid Milli Hərəkat nəzərdə tutulur – red.) ələ keçirmək mümkün olmasaydı, o zaman ikinci qatar işə salınmalıydı. Öz maliyyələri hesabına onlar rels üzərinə ikinci qatarı qoydular. Avropa Gürcüstanı Partiyasını yaratdılar. Beş yüz mindən çox insan Vahid Milli Hərəkata səs verib. Görəsən, heç olmasa, bir seçici Vahid Milli Hərəkat yerinə Avropa Gürcüstanına səs verəcəyini bilirdimi? Mən bilmirdim. Bu, birinci böyük yalan idi. İkincisi isə onların mənim problem olmamağımla bağlı dedikləri idi. Məni müdafiə edirdilər, indi isə deyirlər ki, əsas problem Mişadır. Aşkar şəkildə bunu dedilər. Ona görə də mən deyirəm ki, bu, çox yaxşı dərs idi. Xalq heç vaxt onları aldatmaqla hakimiyyətə gələn insanları unutmayacaq”, – eks-prezident bildirib.

Qeyd edək ki, son günlər Saakaşvilinin partiyasını tərk edən siyasi liderlərin sayı artıb. Partiyadan gedənlər bu addımı qurumun rəhbərliyində yalnız Saakaşvilinin qalmasını istəmədikləri üçün atdıqlarını bildiriblər. Partiyanı tərk edənlər sırasında Giqa Bokeriya və David Bakradze kimi məşhur şəxslər də olub. Saakaşvili bu prosesi milyarder Bidzina İvanişvilinin oyunu adlandırıb.

Partiyanı tərk edənlər yeni Avropa Gürcüstanı Partiyası yaradıblar. Bu partiya indiyə qədər yalnız kağız üzərində mövcud olub./axar.az/

MediaFax