Ruslar nədən qorxur? - Sorğu

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ölkə əhalisinin nədən qorxduğu barədə yeni sosioloji sorğunun nəticələrini açıqlayıb.
 
Sorğu 2016-cı ilin dekabrında Rusiyanın 46 bölgəsinin 130 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirilib.

Sorğuya əsasən, rəyi öyrənilənlərin çoxu beynəlxalq münaqişələrdən qorxur. Bu bölüm üzrə qorxu indeksi 14 dərəcə (maksimum dərəcə 100-dür) göstərilir.
 
2016-cı ilin yanvarında beynəlxalq münaqişələrdən qorxu indeksi 23 dərəcə idi.

Bahalıqdan və əmanətlərin dəyərdən düşməsindən qorxu ötən ilin dekabrında ilin əvvəli ilə müqayisədə 9 dərəcə azalaraq 10 dərəcəyə düşüb.

Digər göstəricilər mənfi işarəlidir. Cinayətkarlığın artmasından qorxu mənfi 1 dərəcə göstərilir. Daxili iğtişaşlardan qorxu indeksi – 7, sərhəddə problemlərdən qorxu indeksi – 8-dir.

Qorxu reytinqində sonuncu yeri ailə münaqişələri və problemləri tutur. Bu bölüm üzrə göstərici ötən ilin dekabrında – 50 dərəcə olub.

Ötən ilin ortalarında keçirilmiş analoji sorğuda Rusiya əhalisinin əksəriyyətinin beynəlxalq gərginlikdən, ölkələr arasındakı münaqişədən və hərbi əməliyyatlardan ehtiyatlandığı üzə çıxmışdı. Həmin sorğunun nəticələrinə əsasən, qorxu indeksində ikinci yeri gündəlik tələbat mallarının bahalaşmasından və pulun dəyərdən düşməsindən narahatlıq dururdu. Rusiyalıların ehtiyat etdikləri digər məsələlər sırasında sonrakı yerlərdə bədbəxt hadisələr, səhhət problemləri, ölkə daxilində iğtişaşlar, ailə münaqişələri gəlirdi./novator.az/

MediaFax