Rusiyada yeni Lenin doğulub, Putin dövrü bitir - MARAQLI

Rusiyada yeni Lenin 1997-ci ildə dünyaya gəldi və hazırda o, nüfuzlu universitetlərin birində I kurs tələbəsidir.

Publika.az xəbər verir ki, bu fikirlə Sankt-Peterburqda fəaliyyət göstərən Avropa Universitetinin professoru Dmitri Travin çıxış edib.

Rusiyalı professor bu fikrə rus tarixinin inkişaf mərhələlərini araşdıraraq gəlib.

D.Travin deyir ki, Lenin 1870-ci ildə - Rusiya imperiyasında köləliyin ləğvi üçün aparılan çoxillik mübarizənin tamamlanmasından 9 il sonra dünyaya gəldi: "Daha sonra təhkimçilik hüququ tamamilə tarixin arxivinə göndərildi. Lakin III Aleksandr 1860-cı illərdə qəbul edilmiş böyük islahatların tam həyata keçməsinin qarşısını alırdı. Hansı ki, bu islahatların qəbuluna Lenin və onun nəslinin ataları nail olmuşdu. Lakin Leninin nəsli ciddi şəkildə dəyişiklik tərəfdarı olaraq yetişdi və 1917-ci il inqilabı baş verdi. İnqilabda iştirak edənlərin hamısı fırıldaqçı bolşeviklər deyildi. Kifayət qədər ziyalı kütləsi də orada təmsil olunurdu. Sadəcə olaraq, hər kəs köhnə rejimə qarşı birləşmişdi”.

Professor hesab edir ki, qəribə də olsa bolşevik rejimi 1980-ci illərin sonlarında təxminən eyni səbəbə görə dağıldı.

"Altımışıncı illərin ictimai xadimləri islah edilmiş sosializm istəyirdi, zavod direktorları özəlləşdirmə arzulayırdı, gənclər cins geyinməyi, rok musiqini dinləməyi, hər kəs kolbasanı növbəsiz almağı istəyirdi. Köhnə quruluşa qarşı ən barışmaz mövqedə olanlar Stalin sənayeləşdirilməsindən sonra dünyaya gələnlər idi. Putin-Medvedev (1950-1960-cı illər) nəslinin insanları anlayırdı ki, kommunizm hamını aldadır və normal həyatı başqa üsulla qurmaq lazımdır. İstehlak kultu əsas ideya oldu. Milyardları fırladan oliqarxiya dövrün simvoluna çevrildi. Çox az adam belə ola bilərdi. Lakin çoxları uğur qazanmağa, yaxud heç olmasa rahat həyatını qurmağa çalışır. Bu, bolşevizm həyatından tamamilə fərqlənir. Bu o demək deyil ki, Putin dövrünün idealları müasir demokratik kapitalizmin ideallarıdır. Bizim cəmiyyətdə Qərb dəyərləri və mühafizəkarlar arasında böyük qırılma var. Qərb bizə azlıqların hüququnu sırıyır, ekologiyaya diqqət etməyi tələb edir, şəxsi həyatımıza daxil olur. Mühafizəkarlar isə bunu qəbul etmir. Rusiyada yalnız bəziləri Qərbdə yaşamağı arzu edir”, - deyə o bildirib.

Professor qeyd edib ki, Lenin-Stalin nəslində olduğu kimi, Putin-Medvedev nəsli də tam ölçüdə yeni dəyərlərə üstünlük verdi, köhnə dünyanın külündən təmizlənməyi bacardı: "Biz görürük ki, yeni ideyalar təzminən 50 il yaşaya bilir və yalnız iki nəsli görür. Lenin-Stalin nəsli öz atalarının əhəmiyyətli ideyalarını reallaşdırdı. Həmçinin, Putin-Medvedev nəsli də eyni şeyi etdi. Ehtimal ki, inkişaf bundan sonra da oxşar yolla gedəcək. Yeni nəsil hazırda üstün olan dəyərləri qəbul etməyəcək. Lenin təhkimçilik hüququnun ləğvindən 9 il sonra dünyaya gəldiyi kimi, yeni Lenin də Sovet ideayalarının tarixə qovuşmasından 9 il sonra – 1997-ci ildə doğuldu. Bu gün o nüfuzlu universitetlərin birində I kurs tələbəsidir”.

D.Travin bildirib ki, yeni Lenin təmin olunmuş ailədə böyüyüb, pulu çox da qiymətləndirmir.

"Müasir leksikonla ona Volodya deyə bilərik. O, kolbasa növbələrindən narahat olmur. Mümkündür ki, onun böyük qardaşı var və o, qardaşına baxaraq, başqa yolla getməyin vacib olduğunu düşünür. O, hakimiyyəti devirmək istəmir, sadəcə olaraq, həyatın düzgün qurulmasına ehtiyac olduğu haqqında fikir beyninə tez-tez gəlir. O, suallara cavab tapmaq üçün güman ki, bakalavriatı bitirdikdən sonra, Qərb universitetlərinin birində magistratura oxumaq yolu ilə hərəkət edəcək. Həm də bürokratik süründürməçiliklə tələbələri gözümçıxdıya salmış bizim professorlarımız bu cavan oğlanı daha az maraqlandırır. Qərbdə Volodya yeni dəyərləri canına çəkməyə başlayacaq. Əlbəttə, hər şey onun xoşuna gəlməyəcək, lakin Rusiyadakı ziddiyyətli sistem haqqında düşünməyə başlayacaq. İndiki böhran bizim iqtisadiyyatımızın axırına çıxacaq. Volodya daimi iş yeri tapmayacaq. Buna görə də o, aspiranturanı oxumaq üçün xaricdə qalacaq və daha intensiv şəkildə Qərb həyatına uyğunlaşacaq. 2024-cü ildə bizim qəhrəmanımız təhsilini başa vuracaq və həmin vaxt onun 72 yaşlı adaşı dördüncü müddət prezidentliyini tamamlasa da, hakimiyyətdə qalacaq. Volodya anlayacaq ki, pul və karyera əsasdır, lakin başqa dəyərlərin olduğunu da düşünəcək. Ürəyə toxunan məqamlardan biri də kolleqalarının dünənə qədər güldüyü vətəni haqqında bu dəfə ümumiyyətlə, danışmağı belə lazım bilməməsidir. Çünki kasıblaşan Rusiya Avropa həyatından tamamilə çıxacaq”, - deyə professor öz proqnozlarını irəli sürüb.

MediaFax