Rusiyanın Samara vilayətində hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı terror aktı hazırlayan İŞİD tərəfdarı saxlanılıb.
Bu barədə "RİA Novosti” agentliyinə güc strukturlarındakı mənbə bildirib.
Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Samara vilayətinin Ust-Kinelski yaşayış məntəqəsində bir müddət əvvəl islamı qəbul etmiş 20 yaşlı Rusiya vətəndaşını saxlayıblar. Ona İŞİD emissarları tərəfindən internet vasitəsi ilə terror aktı hazırlamaq tapşırığı verildiyi deyilir.
Ekstremistin Dağıstan Respublikasındakı yardımçıları ona partlayıcı qurğunun hissələrini əldə etmək üçün 20 min rubl göndəriblər. Partlayıcı qurğunun hazırlanmasının təlimatı isə Suriyadan gəlib. Şübhəli şəxsin evində əməliyyatçılar 500 qram trotil gücündə partlayıcı maddə, əldəqayırma detonator tapıblar.
Saxlanılan şəxs bildirib ki, o, polis əməkdaşlarının avtomobilini partlatmaq və polislərin silahlarını ələ keçirərək terrorçu fəaliyyətini davam etdirmək niyyətində olub. O, fəaliyyətinin daha çox rezonans doğurması məqsədi ilə bayram günü hadisəni törətmək istəyirmiş.
Faktla bağlı araşdırma aparılır./APA/
MediaFax