Rusiyada kütləvi araq zəhərlənməsi - Həbslər artır

Rusiyanın İrkutsk şəhərindəki zəhərlənmə ilə bağlı daha bir neçə nəfər həbs olunub.

İrkutskda kütləvi zəhərlənmə dekabrın 17-də baş verib. Zəhərlənməyə metil spirti tərkibli yemişan suyu səbəb olub. Ümumilikdə 122 nəfər zəhərlənib. Onlardan 76 nəfəri ölüb. Tibb müəssisələrində 18 nəfər müalicə alır.

Dekabrın 25-də İrkutsk şəhərinin Lenin Rayon Məhkəməsi daha 4 nəfər barəsində həbs qətimkan tədbiri seçib. 2 nəfər barəsində isə ev dustaqlığı qərarı qəbul olunub.

Beləliklə, zəhərlənməyə görə tutulanların sayı 6 nəfərə, barəsində ev dustaqlığı qərarı çıxarılanların sayı 11 nəfərə çatıb. 1 nəfər ölkədən çıxmamaq şərti ilə sərbəst buraxılıb. 1 nəfərin işinə baxılması isə hələlik təxirə salınıb.

Məsuliyyətə cəlb olunanlar məhsul istehsalı, saxlanması və satışında təhlükəsizlik qaydalarını pozmaqda şübhəli bilinirlər.

İrkutskda yemişan suyu və spirt tərkibli başqa məhsullar hazırlayan qeyri-leqal sexlər üzə çıxıb. Tərkibində spirt olan məhsulların satışı qadağan edilib. Dekabrın 26-da isə bütün ölkədə tərkibində spirtin həcmi 25 faizdən çox olan qeyri-içki məhsullarının pərakəndə satışına 30 günlük qadağa qüvvəyə minib./novator.az/

MediaFax