"BMT-dəki nümayəndəmiz Nikki Heyli prezident Donald Trampın rəsmi mövqeyini ifadə edib”.
"İnterfaks-Ukraina”nın verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser səfir Nikki Heylinin (Nikki Haley) BMT-dəki çıxışına münasibət bildirərkən deyib.
Yeni administrasiyanın Rusiyaya qarşı sanksiyaları saxlamaq niyyətində olub-olmadığı haqda suala Ş. Spayser belə cavab verib: "Mən düşünürəm ki, daimi nümayəndə Heyli Rusiyanın Krımı işğal etməsi ilə bağlı bizim narahatlığımızı çox dəqiq ifadə edib. O, bu barədə çox qətiyyətli və aydın danışıb”.
Xatırladaq ki, ABŞ-ın BMT-dəki yeni səfiri Nikki Heyli qurumdakı ilk rəsmi çıxışını Ukraynadakı vəziyyətə həsr edib. "Təəssüf ki, ilk açıq çıxışımda mən Rusiyanın Donbasdakı aqressiv addımlarını tənqid etməliyəm. Belə olmaz. Biz Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyirik, lakin Ukraynanın şərqindəki dəhşətli vəziyyət bizdən Rusiyanın fəaliyyətini kəskin şəkildə pisləməyi tələb edir”, - deyə o, söyləyib. N. Heyli Krım ətrafındakı duruma da toxunub. O, Krımı "Rusiyanın aqressiv fəaliyyətindən əziyyət çəkən Ukraynanın daha bir hissəsi” olaraq xarakterizə edib. Səfir bəyan edib ki, Rusiya bu ərazilər üzərində nəzarəti Kiyevə qaytarana qədər Krımla bağlı tətbiq olunmuş sanksiyalar qüvvədə qalacaq./APA/
MediaFax