Braziliyanın Rio de Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
APA- nın məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 03:00-də başlanan mərasim "Marakana” stadionunda təşkil olunub.
Açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıb. Bədii hissə başa çatdıqdan sonra komandaların paradını ənənəvi olaraq Yunanıstanın idmançıları açıb. Azərbaycan idmançıları Avstriyadan sonra stadiona daxil olublar. Azərbaycan millisinin bayraqdarı boksçu Teymur Məmmədov olub.
Təntənəli mərasimdə XXXI Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Karlos Nuzman və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış ediblər, Braziliya prezidentinin səlahiyyətlərini icra edən Mişel Temer isə XXXI Yay Olimpiya Oyunlarının rəsmi şəkildə açıq elan edib. Oyunların məşəlini 46 yaşlı yüngül atlet, marafonçu Vanderley de Lima alovlandırıb
Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığması idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunacaq. Avqustun 21-dək davam edəcək Rio de Janeyro Olimpiadasında 207 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306 dəst medal uğrunda mübarizə aparacaq.
MediaFax