Rəqibini söyən azərbaycanlı futbolçuya 7 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
İclasda Azərbaycan kubokunun 1/8 final mərhələsi matçlarında qeydə alınmış neqativ hallar müzakirə olunub.
 
"İnter Arena”da keçirilən "İnter” – "Qaradağ Lökbatan” görüşündə 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 800 manat cərimə olunub.
 
AZAL – "Rəvan” qarşılaşmasının 90+1-ci dəqiqəsində qonaqların oyunçusu Zahid Quliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verib. Bu səbəbdən futbolçu 7 oyunluq diskvalifikasiya olunub, klubunu isə 640 manat ziyana salıb.
 
"Qəbələ” – "Zaqatala” matçında ev sahiblərinin 5 üzvü sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
"Qarabağ” – "Səbail” oyununda isə radio-informasiyanın 17 dəqiqə gec verilməsi ucbatından ağdamlılara xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaq./apasport.az/

MediaFax