“Rabitə işi”nin şahidi: “Tenderlər formal idi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Şahid Nəriman Hacıyev deyib ki, Xətai telefon qovşağında rabitə xətlərinin çəkilməsində iş icraçısı kimi fəaliyyət göstərib. Deyib ki, bəzi hallarda görmədiyi işə görə də sənədlərə qol çəkib və bu işləri başa çatmış kimi təqdim edib.
 
Cavanşir Yusifov deyib ki, 2006-cı ilin fevral ayından Şəmkir Telefon Qovşağının rəisi vəzifəsində çalışıb. O qeyd edib ki, alınan materiallar aidiyyəti üzrə istifadə edilib.
 
Amil Məmmədov ifadəsində deyib ki, Xəzər Telefon Qovşağında baş mühasib işləyib. O qeyd edib ki, bayramlarda paket kimi 200-300 manat pul alıb: "Pulu müxtəlif adamlardan alırdıq. Amma əsasən, telefon qovşağının rəisi verirdi".  

Elxan Əliyev bildirib ki, 2011-ci ildən İsmayıllıda Telefon Qovşağının rəisi vəzifəsində çalışır: "Bizim işimiz rabitə xətlərinin çəkilməsi olub. Tenderdə iş görəcək firmalar əvvəlcədən müəyyənləşirdi. Tenderlər formal keçirilirdi. Tenderlərin keçirilməsi ilə bağlı göstərişi baş idarədən alırdıq". 

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin investisiya şöbəsində mühəndis, sonra isə şöbənin rəisi olan Vüqar Mehbalıyev bildirib ki, bayramlarda 200-300 manat paket alıblar. 

"Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-də baş mühasib vəzifəsində çalışmış Elvin Cavadovun ifadəsi ibtidai istintaqla ziddiyyət təşkil etdiyi üçün elan edilib. 

İfadədə qeyd edilib ki, telefon qovşağının çəkilməsi ilə bağlı keçirilən tenderlər formal xarakter daşıyırdı. 

Xətai Telefon Qovşağının rəisi Nazim Əliyev ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirib ki, tenderlərin formal keçirilməsi ilə bağlı fikirlər yalandır. 

Proses dekabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
 
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

MediaFax