Qonaqpərvərlik, yoxsa israfçılıq? - Psixoloq danışdı

Azərbaycanda qonaq qarşılamaq ənənəsi də əndazədən çıxıb

Qonaqpərvərlik Azərbaycan xalqının kimliyini, səxavətini, yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərən bir adət-ənənədir. Hətta əksər evlərdə "qonaq otağı” da var. Bu otaqlar xüsusi olaraq qonaq üçün nəzərdə tutulub və burada xüsusi səliqə-sahman gözlənilir, bəzədilir. 

Bir sözlə, qonaqpərvərlik millətimizin baş ucalığı, şöhrət tacıdır. 

Lakin danılmaz faktdır ki, bəzi ailələrdə qonaqpərvərlik öz dərəcəsindən kənara çıxır. Məsələn, məcbur edilir ki, qonaq süfrədə olan bütün təamlardan dadsın, mütləq spirtli içki içsin, "orda oturmasın, burda otursun” və sairə. Təbii ki, bu cür qonaqpərvərlik əksər hallarda qonaq üçün heç də xoşhal olmur, zəhlətökənlik olur desək, yanılmarıq. Bəziləri düşünür ki, evə qonaq gəlirsə, mütləq süfrəsində müxtəlif çeşidli yeməklər, bahalı qab-qacaq olmalıdır, təmtəraqla evini bəzəyir və sairə. Yaxud da belə fikir formalaşır ki, qonaq ancaq yemək üçün gəlir...  Səbəb nədir, niyə bəzən qonapərvərliyimiz öz həddini aşır?

Bəzi ekspertlər bildirirlər ki, bunun əsas səbəblərindən biri televiziyalarda gedən qonaqlı proqramlar, müsabiqələrdir. Bir müddət bundan əvvəl yayımlanan qonaqlıq verilişlərində insanlar bir-birilərinin evinə qonaq gedəndə yeməkdən tutmuş hər şeyi müzakirə edirdilər. Məsələn, "kimin süfrəsi gözəl deyil, kim yaxşı yemək təqdim etmir”. Bu cür verilişlərdə təkcə yeməklər deyil, evin əşyaları, qab-qacaqlar da müzakirə olunurdu. Təbii ki, bu amili məsələnin bir tərəfi hesab etmək olar. Amma məsələ ondadır ki, qonaqpərvərlik bizlərdə qədimlərdən gələn bir adətdir...

Tanınmış psixoloq Dəyanət Rzayev isə mövzuya bu cür aydınlıq gətirdi: 

"Qonaqlara məcburən yemək təklif etmək bir ənənəyə çevrilib. Məni şəxsən heç kim çay içməyə və ya yemək yeməyə məcbur edə bilməz. Düşünülməlidir ki, kiminsə şəkəri xəstəliyi, kompleksləri ola bilər və ya utancaqdır. Məcbur etmək doğru deyil. Bu, şöhrətpərəstlikdən irəli gəlir. Bəziləri özünü yaxşı göstərmək, bəzisi isə varını nümayiş etdirmək istəyir. Rayonlarda bəzən belə bir hala rast gəlmək olur, ev sahibi çox kasıbdır və qonaq qarşılamaq imkanı yoxdur. Bu halda o, yaşadığı mühitdə qınaq obyektinə çevrilir. Məsələnin bu tərəfi də var. Amma bəzən də görürsən ki, qonaq gedirsən, ev sahibi yemək yeyir, amma səni dəvət etmir, bunun özü də bir kobudluqdur”./musavat.com/

MediaFax