“Qızıl Kəlmə” ədəbi mükafatı elan edildi

Mədəniyyət və Turizm Nazirliyi "Qızıl Kəlmə” Ədəbi Mükafatını elan edib.
 
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mükafat 2016-2017-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə elan olunub.
 
Mükafata nəsr, poeziya, tənqid, ədəbiyyatşünaslıq və publisistika nümunələri, orijinaldan bədii tərcümələr, uşaqlar üçün yazılmış əsərlər təqdim oluna bilər. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir, rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.
 
Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər.
 
Bir təşkilat şəxs mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər. İştirak etmək üçün əsəri təqdim edən təşkilatın, şəxsin Mükafat Komissiyasına ünvanlanmış məktubu, çap edilən əsər (5 nüsxə), namizədin tərcümeyi-halı və s. lazımdır. İşlər 2016-cı il noyabr ayının 10-dan 2017-ci il aprel ayının 10-na qədər  təqdim edilməlidir.

MediaFax