Dünəndən topdansatış mərkəzlərində Zirə xiyarının 1 kiloqramı 10 manata təklif edilir.
Bakı bazarlarında İran və Gürcüstandan gətirilən xiyarın kiloqramı isə 3 manat 50 qəpik - 5 manat arası satılıb.
Bakı bazarlarında apardığımız müşahidələrə görə, digər meyvə-tərəvəz məhsullarından fərqli olaraq, xiyarın qiyməti bir gecə içərisində artırılıb. Buna görə də, bazarlarda bu məhsulun qıtlığı yaranıb.
"Topdansatış mərkəzləri qiymət artımını məhsulun donvurma nəticəsində zay olması ilə əlaqələndirir. Bu qiymətə isə heç kim xiyar alıb satmaq istəmir”, - Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki 4 saylı bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan Əzim Nuriyev deyib.
Satıcılar bildiriblər ki, hər il mövsümlə əlaqədar xiyar, pomidor, badımcan, lobya və digər məhsullar bahalaşırdı. Lakin bu il kəskin qiymət artımı qeydə alınıb. Qeyd edək ki, xiyardan fərqli olaraq, pomidorun bahalaşması müşahidə edilməyib. Hazırda bazarlarda pomidorun qiyməti 80 qəpikdən 3 manatadəkdir.
İri market və ticarət mərkəzlərində də Zirə xiyarının satışına rast gəlinməyib. Xaricdən gətirilmiş məhsul isə 4 manat 50 qəpikdən satışa çıxarılıb.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov saytımıza deyib ki, xiyar istehsalı kəskin şəkildə azalıb, çünki istehsalçılar hələ 2 əvvəl ciddi zərərə məruz qalıblar. "Mövsümlə əlaqədar məhsulun qiymətinin kəskin azalması xiyar istehsalçılarını təxminən 30 faiz ziyana salmışdı. Çəkilən xərcləri qarşılamaq mümkünsüz olmuşdu. Bundan əlavə, kiçik həcmli soyuducu anbarların olmaması da istehsalçılara problem yaradır”, - ekspert deyib.
Bunlarla yanaşı, V.Məhərrəmov işbazların fürsətdən istifadə etmə ehtimalını da istisna etməyib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda 230 min 747 ton xiyar istehsal edilib. Onun 1139 tonu Bakı şəhərinin, 1647 tonu isə Abşeron rayonunun payına düşüb./virtualaz.org/
MediaFax