“Qəzetlər tozanaq qoparacaq...” - Ağalarov

Araz Ağalarovun Trampla dostluğu Azərbaycana nə fayda verə bilər?

2013-cü ildə ABŞ-ın indiki prezidenti Donald Trampla birlikdə Moskvada "Dünya gözəli” müsabiqəsini keçirmiş azərbaycanlı oliqarx-milyarder Araz Ağalarov "Komsomolskaya Pravda” qəzetinə müsahibəsində deyib ki, Tramp praqmatik adamdır, dəfələrlə Rusiyada olub. İnsanları başa düşür, əlaqələri düzəltmək istəyir.

İş adamı bildirib ki, Trampla, yaxud onunla bağlı olan biznes strukturları ilə əlaqələri bərpa etmək haqda düşünmür. Bununla belə, Trampa görüşmək üçün xahiş etsə yeni prezident etiraz eləməz: "İndi bilirsiniz vəziyyət necədir? Orada situasiya elədir ki, hansısa keçmiş biznes-portnyorların ortaya çıxması aranı qarışdıracaq. İndi orada hər şey diqqətlə araşdırılır. Tutaq ki, Trampla nə vaxtsa işləmiş hansısa indus ortaya çıxdı-o saat bütün mətbuat partlayacaq: budur, Tramp özünün köhnə əlaqələrindən istifadə edir, hansısa biznes qurmaq istəyir və s. Aydın məsələdir, o, sözünü tutan adamdır. Yəni əgər mən görüşməyi xahiş etsəm, fikrimcə, etiraz etməz. Lakin bu, birincisi mənim tərəfimdən düzgün olmazdı, çünki onu pis vəziyyətdə qoya bilərəm. Onların bütün mətbuatı seçkilərə qədər Trampı Kremllə əlaqələndirmək üçün mənim onunla fotolarımı dərc edib. Və indi ”bunu təsdiqləyərək" mən haradasa onunla birgə peyda oluram...Daha betər olardı ki, Ağ Evdə. Bütün qəzetlər tozanaq qoparacaq. Ona görə də gözləmək lazımdır, gələcək göstərəcək".

Bəs maraqlıdır, əgər azərbaycanlı Araz Ağalarov istəsə, Trampla yaxın münasibətlərdən Azərbaycanın xeyrinə istifadə edə bilərmi?



Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirdi ki, Donald Tramp həyatı boyu bizneslə məşğul olduğu üçün müxtəlif ölkələrdə  müxtəlif iş adamları ilə görüşləri çox olub. 2013-cü ildə sahibi olduğu gözəllik müsabiqəsi çərçivəsində  Moskvada Araz Ağalarovla da görüşüb. Tədbirin Moskvada təşkilatçısı Ağalarovun şirkəti olmuşdu. Hətta Emin Ağalarovun mahnısına klipdə də çəkilib. 

Bunlar biznesmen Trampla olan münasibət olub. Artıq o, ABŞ prezidentidir  və ölkəsinin dövlət siyasəti ilə  məşğul olur: "Onunla rəsmi qaydada yox, hansısa iqtisadi forumda və ya bu səpkili digər tədbirlərdə yenə də görüşüb,  müxtəlif fikir mübadilələri edə bilərlər. Amma inanmıram ki, belə söhbətlər   siyasi və konfliktli məsələlərin həlli ilə bağlı olsun. Hətta Trampın özü bu şəkildə ciddi məsələlərin müzakirəsinə şərait yaratmaz. Bizneslə dövlət siyasətini qarışdırmaq olmaz. Araz Ağalarovun özü də kifayət qədər təcrübəli adamdır və Trampla şəxsi münasibətdən siyasi maraqlar üçün sui-istifadə etməz. Ona görə ki, prezident üçün ayrı-ayrı şəxslərin marağı yox, dövlətinin marağı daha üstündür. Araz Ağalarov özü də müsahibəsində deyib ki, əgər mən görüşməyi xahiş etsəm, Tramp etiraz etməz, lakin bu, birincisi mənim tərəfimdən düzgün olmazdı, çünki onu pis vəziyyətdə qoya bilərəm”.

MediaFax