Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

Rusiya Fövqəladə Hallar Nazirliyinin axtarış qrupu "Tu-154” təyyarəsinin qalıqlarını tapıb.

Rusiya KİV-ləri xəbər verir ki, dalğıc qrupu Qara dənizin dibində sahildən 1 mil məsafədə, 25 metr dərinlikdə qalıqları aşkarlayıb.

Hazırda qalıqların tapıldığı yerdə axtarış qrupu, eləcə də dalğıclar çalışır. Dalğıclar artıq ikinci dəfə suyun dərinliklərinə girirlər. Belə ki, dənizin dibində çox sayda kiçik detallar var.

Ötən gün səhər saatlarında "Tu-154” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində hərbçilər, jurnalistlər, musiqiçilər də daxil olmaqla 92 nəfər olub. Aparılan əməliyyat zamanı 11 nəfərin meyitini aşkarlamaq mümkün olub.

Bu gün Rusiyada matəm elan olunub./aznews.az/

MediaFax