“Qəzanı küləyin boynuna qoymasınlar”

Bu gün səhər saat 05.00 radələrində Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakada hissəsi dənizə uçub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfərlə yanaşı yaşayış budkasında olan 5 əməkdaşı itkin düşüb.

Baş verən hadisə ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı fikirlərini saytımızla bölüşüb:

"Baş vermiş hadisə ilə bağlı məlumat əldə etdikdən sonra SOCAR məlumat yaymağa başladı. 2014-cü ildə də baş verən hadisə də "Azneft” İB-nin Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində baş vermişdi. Estakadanın uçması nəticəsində 5 nəfər həlak olmuşdu.
 
 

Fikrimcə, bu dəfəki qəzanın səbəbi külək deyil, keyfiyyətsiz işdir. Keyfiyyətsiz işlə yanaşı təhlükəsizlik qaydalarına düzgün əməl edilməməsi qəzaya səbəb olub. Uçan eskadada 1970-ci illərdə tikilib. İndiyə kimi də gözə görünən əsaslı təmir işləri aparılmayıb. Kağız üzərində əsaslı təmir işlərinin aparılıb-aparılmadığını bilmirəm. Uçan estakada idarənin balansında qəzalı estakada kimi qeydə alınıb. Həmin uçan işçilərin istirahət otağı qəzalı eskadadanın üzərində və daşdan tikilib".
Mirvari Qəhrəmanlı bildirdi ki, zəhmət çəkib qəzanı küləyin boynuna qoymasınlar:

"İşçilərin istirahət otağı da dənizə uçub. Ekspertlərlə danışdım. Ekspertlər bildirdi ki, işçilərin istirahət otağının uçmasına səbəb daşdan tikilməsidir. 10-cu estakadada baş vermiş faciədə olduğu kimi qəzanın səbəbini küləyin üstünə atacaqlar. Düşünürəm ki, qəzanın səbəbi qəza vəziyətində olan estakadada bu tikintinin aparılmasıdır. Estakadada neft yığımı məntəqəsi də olub. Oradakı çənlər dənizə düşsə idi, Xəzər ətrafı dövlətlərdən bəyanat gələrdi. Bu dəqiqə vacib olan məsələ odur ki, 10 nəfər vətəndaşımız faciə qurbanı olub".

Hökumət bu haqda düşünməlidir. SOCAR-dan ikinci dövlət büdcəsi kimi istifadə edilməməlidir. SOCAR-da əsaslı yoxlamalar aparılmalıdır. SOCAR yalnız biznes qurumuna çevrilib, neft hasilatı ilə məşğul olmalıdır".

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri qeyd etdi ki, 2014-cü ildə "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində qəza oldu və orada heç kim cəzalandırılmadı./ölkə.az/

MediaFax