Qəbul imtahanlarının qiyməti ilə bağlı Tarif Şurasına TƏKLİF

Dövlət İmtahan Mərkəzi (DİM) test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyənləşdirilməsinə dair təkliflərini Tarif Şurasına göndərib.
 
DİM-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ödənişlər orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün nəzərdə tutulur.
 
 Qeyd edək ki, prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Tarif (qiymət) Şurası test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib, prezidentə məlumat verməlidir.

MediaFax