“Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi...” - DİM

Dövlət İmtahan Mərkəzi (DİM) "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin sərəncamına dair məlumat yayıb.
 
Məlumatda bildirilib ki, ümumi təhsil müəssisələrinin cari il məzunları orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə buraxılış imtahanlarının nəticələrinə əsasən əlavə qəbul imtahanı vermədən iştirak edirlər.
 
Məlumatda deyilib ki, bundan əlavə son illər tətbiq edilən tələbə qəbulu modelinə uyğun olaraq abituriyentlər bir neçə istiqamət üzrə müsabiqədə iştirak edə bilirlər: "Bu sahədə aparılan islahatların davamı olaraq bu ildən etibarən abituriyentlərə seçdiyi ixtisas qrupuna uyğun olaraq qəbul imtahanında iki dəfə iştirak etmək imkanı yaradılıb. Birinci imtahanın nəticələrindən razı qalmayan hər bir abituriyent ikinci dəfə öz biliyini sınamağa imkan qazanacaq və bu zaman daha yüksək nəticə göstərdiyi imtahanın nəticəsi müsabiqə zamanı əsas götürüləcək. Bu addım abituriyentlərin imtahanla bağlı psixoloji gərginliyini aradan götürmək və qəbul imtahanında biliklərini tam nümayiş etdirmək üçün daha əlverişli şəraitin yaradılmasına imkan verəcəkdir. Bundan əlavə, keçən ildən etibarən rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanından aldıqları məqbul qiymət iki il qüvvədə qalır”.
 
Qeyd olunub ki, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin sərəncamından ümumi təhsil müəssisələrini cari ildə bitirən Azərbaycanın bütün vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan vətəndaşları yararlanacaqlar: "Cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcək. Bu qayda eyni zamanda bir neçə ixtisas qrupuna ərizə verən abituriyentlərə də şamil olunacaq. Seçdiyi qruplardan biri üzrə ilk imtahanın ödənişi dövlət tərəfindən, digər imtahanların ödənişi isə abituriyent tərəfindən həyata keçiriləcək. Bu il keçiriləcək ilk imtahanda əvvəlki illərin məzunları ilə yanaşı 11-ci sinif şagirdləri də iştirak edə biləcəklər. Yuxarıdakı kateqoriyadan olan vətəndaşların tələbə qəbulu ilə bağlı keçirilən imtahanda, o cümlədən qəbul imtahanlarının tərkib hissəsi olan rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı və qabiliyyət imtahanında bir dəfə iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək”.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev respublikada ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər, ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlərin imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

MediaFax