"Qəbələ" klubunun futbolçularından biri Almaniyanın Frankfurt hava limanında problemlə üzləşib.
"Report"un "focus.de"yə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan oyunçu Portuqaliyadan aldığı oturum icazəsi müddətinin 4 dekabrda başa çatması səbəbindən federal polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə "qırmızı-qaralar" "Maynts"la Avropa Liqasının qrup mərhələsinin VI tur matçına yollanarkən baş verib. Xəbərdə bildirilir ki, hərtərəfli araşdırmalardan sonra istisna hal kimi həmin futbolçuya 60 avroluq müvəqqəti viza açılıb. Bundan sonra futbolçu sərbəst buraxılıb və məsələ meydanda ədalətli oyunun xeyrinə həll olunub.
Klubun meneceri Səbuhi Səfiyarlı "Report"a açıqlamasında belə bir hadisənin baş verdiyini təsdiqləyib. O, belə bir problemlə liberiyalı yarımmüdafiəçi Teo Uiksin üzləşdiyini söyləyib: "Uiksin Portuqaliya oturumunda qalma müddəti ilə bağlı problem çıxmışdı. Sonradan özləri 3 günlük Almaniya vizası verdilər. Ciddi bir problem deyildi və tezliklə həllini tapdı".
Qeyd edək ki, görüş "Maynts"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Teo Uiks "Qəbələ"yədək Türkiyənin "Ankaraspor", "Ankaragücü", "Çaykur Rizespor", "Göztepe", Portuqaliyanın "Maritimu", Kiprin "Ermis Aradippu" komandalarında çıxış edib.
MediaFax