UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
Təmsilçimiz "Qəbələ” də cavab oyununa çıxıb.
Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu "Lill”lə qarşılaşıb. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxıblar.
Matça fəal başlayan təmsilçimiz hesabı açan tərəf olub. 34-cü dəqiqədə xorvatiyalı legioner Filip Ozobiç uzaqdan möhtəşəm zərbə ilə komandasını önə keçirib.
Matç boyunca daha bir neçə təhlükəli vəziyyət yaradan komandamıza oyunçuların qeyri-dəqiqliyi mane olub.
Rəqib komanda son anlarda fəallaşsa da, onlara bərabərlik qolunu vurmaq nəsib olmayıb.
Bununla da qələbə qazanan "Qəbələ”nin sayəsində ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq.
Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ”a qoşulan "Qəbələ” ötənilki uğuruna yaxınlaşıb. Həmin vaxt 4 mərhələ adlayıb, qrupa vəsiqə qazanan əyalət təmsilçisi təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb. Bu müddətdə bir heç-heçə əldə edən təmsilçimiz 5 qələbə qazanıb.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
4 avqust
"Qəbələ” (Azərbaycan) - "Lill” (Fransa) - 1:0
Qol: Filip Ozobiç, 34
Baş hakim: Aleksey Yeskov (Rusiya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 1:1 /apasport.az/
MediaFax