Dünən axşam saatlarında başlayaraq, cənub bölgəsinə güclü qar yağıb.
Qarın qalınlığı hazırda Lerik rayonunda mərkəzdə 70-80 sm, ucqar ərazilərdə 1 metrdən artıqdır. Bu səbəbdən Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Lerik yol idarəsi gücləndirilmiş iş rejimində işləsə də, yolda nəqliyyat hərəkətini yalnız birtərəfli qismən təmin etmək mümkün olub. Yolun 40-55-ci km-ləri arasında güclü buzlaşma olduğundan nəqliyyatın hərəkəti üçün olduqca təhlükəlidir. Rəsmilər sürücüləri imkan daxilində yoldan az istifadə etməyə çağırır.
Hazırda Lerikdə rayon mərkəzində 8 dərəcə, ucqar kəndlərdə 12 dərəcə şaxta var. Lerikin ucqar kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Yardımlı rayonunda da dağlıq kəndlərdə elektrik enerjisi təminatında problemlər var, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Enerji sarıdan ən böyük problem Lənkəran - Astara rayonlarında yaşanır. Astara rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, hazırda 81 yaşayış məntəqəsi işıqsız qalıb. Yaxın kəndlərə gedən yollar açıq olsa da, dağ kəndlərinə gedən yollar bağlıdır. Lənkəranda rayon mərkəzində qarın qalınlığı 31 sm, ucqarlarda 70 santimetrdən artıqdır.
Hazırda bölgəyə güclü qar yağmaqda davam edir.
MediaFax