Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi Məcid Nuxiyev ötən gün sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusu olan fotosundan danışıb.
Nuxiyev Ölkə.Az-a açıqlamasında sözügedən fotonu qərəzli təqdim edənləri qınayıb:
"Gərək haqqımda belə yazı yazan şəxs mənimlə əlaqə saxlayardı, kim olduğumu bilərdi. "Diaspora rəhbərinin küçədə soyundu" yazmamışdan əvvəl bunu bilmək lazım idi. Əvvəla, orada mən çılpaq deyiləm. Ora Lvov şəhərinin istirahət mərkəzlərindən biridir. Həmin məkanda üzgüçülük hovuzu, rus, türk saunası, hovuzlar, əyləncə atraksionları var. Burada idman formasında gəzmək, çimmək, istəsən qarın üzərində uzanmaq da olar. Düşünmədən bunu kim yazıbsa, çox böyük səhv edib. Bu, ən azından insanın şəxsiyyətinə toxunmaq deməkdir. Bəzi insanlar üçün başqa bir insanın şəxsiyyətinə toxunmaq çox asandır. Belələrinə ancaq nifrət hissi duyuram".
M.Nuxiyev Ukraynada diasporamızın gördüyü işlərdən də danışıb:
"Bir müddət əvvəl ermənilərlə bizim cavanlar arasında söz-söhbət olmuşdu. Ukrayna jurnalistləri qarşısında görüş keçirildi və ermənilər üzr istədilər. Bu, sosial şəbəkələrdə də var idi. Biz burada-başqa ölkənin torpağında ermənilərlə yumruq davasına çıxmalı, dava etməli deyilik. Ancaq öz hərəkətlərimizlə, onların ictimai işlərində iştirak etməyimizlə ermənilərə qalib gəlməliyik. Lvov şəhərində həmişə onlara qalib gəlmişik, gəlirik də".
Diaspora nümayəndəsi bədənində döymələrin olmasına da toxunub:
"Yazırlar ki, bədənimdə "nakolka"lar var idi. Hər dövrün bir dəbi olur. Dikdaban ayaqqabı, enlibalaq şalvar, uzun saç saxlamaq o dövrün dəbi idi. Bu "nakolka" da əsgərlikdə olan bir şeydir və nə mənliyimə, nə şəxsiyyətimə xələl gətirmir. Yazırlar ki, guya burada ermənilər işləyir, biz kef edirik. Biz burada kef etmirik. Gördüyümüz bütün işlər göz qabağındadır".
Xatırladaq ki, bir neçə gün öncə Məcid Nuxiyev soyunaraq qarın üzərinə yarıçılpaq vəziyyətdə şəkil çəkdirmişdi. Sözügedən görüntü isə bəzi şəxslərin tənqidinə səbəb olmuşdu.
MediaFax