Qarabağda müharibə başlasa, Rusiya nə edəcək? - ŞƏRH

Dağlıq Qarabağda yenidən müharibə baş verəcəyi halda Rusiya və Ermənistan birgə qoşun qruplaşmalarının bura cəlb edilməsi inandırıcı görünmür.

Bunu Rusiyanın Ermənistanla birgə Vahid Ordu Bölmələrinin yaradılması qərarını Axar.az-a şərh edərkən politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, Rusiyanın bu qərarı Azərbaycan üçün heç bir təhdid yaratmasa da, Dağlıq Qarabağ münaqişəsinin həllini uzada bilər:

"Rusiyanın belə bir addım atmasının bir neçə səbəbi var. Birincisi, Rusiya-NATO sərhədinin məhz Türkiyə-Ermənistan sərhədindən keçməsidir. NATO-ya qarşı 102 saylı briqadanı və Erebuni aerodromu yaxınlığındakı qırıcı təyyarələrdən ibarət bazanı möhkəmləndirmək üçün silahların Ermənistana daşınması məhz Ermənistanla birgə qoşun qruplaşmaları yaratmaq vasitəsilə həyata keçirilir.
 

İkincisi, Rusiya Ermənistana verdiyi silahları leqallaşdırmaq üçün özünü sığortalayır. Ən maraqlı məqam isə Azərbaycan irimiqyaslı təlimlərə başladığı bir anda Rusiya rəhbərliyinin belə bir addım atmasıdır. Bütün hallarda Azərbaycan üçün birbaşa təhlükə yoxdur”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə gəlincə, politoloqun sözlərinə görə, son Aprel hadisələri göstərdi ki, Rusiya bəzi məsələlərə qarışmır:

"Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bu, BMT-nin, digər beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapıb. Dağlıq Qarabağda yenidən müharibə baş verəcəyi halda da birgə qoşun birləşmələrinin bura cəlb edilməsi inandırıcı görünmür. Bizim Ermənistan ərazisinə hər hansı bir iddiamız yoxdur. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün həm hərbi, həm də diplomatik yola əl ata bilər. Nə KTMT-nin, nə də Rusiyanın bizə təcavüz etməyə ixtiyarı yoxdur və Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcək”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Bölmələrinin yaradılması haqqında bir müddət əvvəl hazırlanan razılaşmanı imzalamaq haqqında əmr verib.

Razılaşmaya əsasən, rəhbəri Ermənistan və Rusiya prezidentləri tərəfindən təyin ediləcək vahid ordu bölmələri dinc şəraitdə Ermənistan Baş Qərargahına tabe olacaq, müharibə vəziyyətində isə Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin tabeliyinə keçəcək.

MediaFax