Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş döyüşçülərə borclu olduğu barədə xəbər vermişdik.
Nazirlikdən yaranan borcun keçmiş nazir Fizuli Ələkbərovun vaxtında yarandığı bildirilsə də, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, II qrup müharibəsi əlili Xaqani Rzaquliyev saytımıza həmin şirkətin hazırki nazir Səlim Müslümova məxsus olduğunu sübut edən sənədlərin surətini təqdim edib.
X.Rzaquliyev bildirib ki, təmir işlərinə görə smeta dəyəri 8 milyon 750 min manat olan obyektin hamıya borcu var:
"Bir neçə il əvvəl halal yolla öz yaşayışımızı təmin etmək üçün müharibə əlilləri ilə birgə müəssisə yaratdıq. Monopolistlərin bu sektora üz tutmasından sonra müəssisəni bağlayıb inşaat qrupu kimi fəaliyyət göstərməyə başladıq.
2013-cü ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protezləşdirmə və Ortopedik Mərkəzdə aparılan əsaslı təmir işlərində özünü "Bazis İnşaat”MMC-nin subpodratıçısı və nümayəndəsi kimi təqdim edən Vahid və Rüfət Əliyevlərlə Stasionar korpusun təmir işlərini görməyə razılaşdıq.
İş həcmlərinə uyğun hər ayın sonunda hesablaşma aparılırdı.İşçilərin şəxsiyyət vəsiqəsinin surəti alınmışdı və təhlükəsizlik kitabına imzalar atırdıq. Lakin seçkilər ərəfəsində ödənişlərdə problem yarandı. Mal –materiala görə 25 min manat, əmək haqqına görə isə 47 min manat borc yığılmışdı. Borcu tələb etdik. Bizə ödənişlərin ediləcəyi barədə notarial sənədlər və aktlar təqdim olundu”.
Keçmiş döyüşçü deyir ki, yeni nazir Səlim Müslümovun gəlişindən sonra dəfələrlə yoxlama və təftişlər aparıldı:
"6 dəfə bu təftişlərdə iştirak etmişik və qrupumuzun üzvlərindən olan briqadir, müharibə veteranı Fədai Əliyev bu aktları imzalayıb. Heç bir əskyimiz çıxmadığını hamı bilir. MMC rəhbərliyi işin davam edəcəyi təqdirdə bizə çatacaq vəsaitin ödənəcəyinə söz verdilər. 2015-ci ilin oktyabrınadək hissələrlə 13 min manat ödənildi. Material borcuna görə isə Əliyev Vahid (hazırda həbsdədir) 5 min manat vəsait ödədi. Bizə olan borc mal-materiala görə 20 min manat, əmək haqqına görə isə 34 min manat ödənilməmiş qaldı. Bizə nazirliyin pul ödəməməsini səbəb göstərdilər. Sonda isə müəssisənin və obyektin əl dəyişdiyini bildirdilər”.
Əlacsız qalan işçilər bundan sonra Əmək Müfəttişliyinə və nazirliyə məktub ünvanlayaraq kömək istəyiblər:
"Onlar mal-materiala görə borcu deyil, əmək haqqını araşdırsalar da konkret bir kömək göstərmədilər. Nəhayət iki dəfə nazir Səlim Müslmovun qəbuluna düşüb problemimizi çatdırdıq. Nazir bizi qayğıyla dinləyib kömək edilməsi üçün tapşırıqlar verdi. Lakin may ayından gedib-gəldiyimiz Əmək Müfəttişliyində "büdcə açılmayıb” cavabını noyabr ayınadək dinlədik. Artıq işçilər mənim təkrarladığım bu yalana şübhə ilə yanaşmağa başladılar. Ona görə də yenidən bu məsələnin ictimailəşdirilməsini qərara aldıq. Çünki keçmiş komanda ilə 4 milyon 500 min manatın hesabını kəsən yeni komanda bu obyektdə işləmiş işçiləri adam yerinə qoymadılar”.
X.Rzaquliyev nəzərdə tutulan piketlə bağlı nazirlikdən xəbərdarlıq aldıqlarını vurğulayıb:
"Piketlə bağlı bizim təşkilatın sorğusuna cavab verən nazir köməkçisi əlilləri polislərə döydürəcəklərini bildirdi. Əmək Müfəttişliyi Xidməti 15 günə baxmalı olduğu şikayətə bir ilə baxmağını unudub vaxtın keçdiyini, TOOM-un direktoru isə dəfələrlə təftiş etdirdiyi obyektdəki çatışmazlıqlardan prokrorluğa şikayət etməyi söyləyir.
Birincisi,biz rəsmi icazə aldıqdan sonra polisə piket iştirakçılarını qorumaqla bağlı müraciət edəcəyik.
İkincisi, Əmək Müfəttişliyi öz vəzifəsinin nədən ibarət olduğunu öyrənsə, daha yaxşı olardı.
Üçüncüsü, köhnə komandaya məxsus şirkətlə sövdələşərkən bu çatışmazlıqları bilə-bilə niyə rəsmi olaraq prokrorluğa müraciət edilməyib?
İnanırıq ki, nazir Səlim Müslümov aparılan bu sövdələşmələrdən və müraciətlərə biganə münasibətlərdən xəbərsizdi. "Bazis İnşaat” MMC-ni özününküləşdirənlərin faktiki olaraq xəbərdar olduqları borcları görməzdən gəlmələri təəccüblüdür, deyilmi?
5 dekabr 2016 cı il saat 11.40-dan etibarən ”Bazis İnşaat” MMC yeni təsisçilərə dövr edilib. Hər iki şəxs Tikilməkdə olan obyektlərin müdriyyətinin direktoru Natiq Əzizovun həmyerliləridir. Elçin Abdusəlim oğlu Əzizov və Tarıyel Nadir oğlu Əzizov. Notarial qaydada bağlanmış müqavilənin 8-ci maddəsində yazılıb:
"Alıcı bu müqaviləni imzalamaqla "Bazis İnşaat” MMC-ə məxsus bütün öhdəlikləri (bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri,debitor və kreditor tərəflər qarşısındakı öhdəlikləri,dövlət büdcəsi qarşısında yaranacaq vergi öhdəliklərini) qəbul edir və icra olunmamış bütün öhdəlikləri tam və vaxtında yerinə yetirir”.
Bu sövdələşməyə imza atdıqdan sonra "Bazis İnşaat” MMC-nin borcunu kim ödəməlidi, cənablar?
Dövlət orqanlarını MMC-lər kimi idarə edənlərmi haqlıdır, ya öz halal pulunu istəyən bizlərmi? Nazirlikdə yeni bir tendensiya yaranıb. Adicə ərizə yazan kim olursa, olsun "qara siyahıya” salınır. Onu bezənədək süründürür və müraciətinə də baxmırlar. Nazirin çox güman ki, bu məsələdən də xəbəri yoxdur. İnanıram ki, cənab nazir bu məsələni ciddi araşdıracaq.
Müharibədə döyüşmüş əsl döyüşçülərin nazirlikdə aparılacaq dəyişikliklərdən böyük gözləntiləri vardı. Amma yenə "bir özü və bir də möhüründən ibarət” olan təşkilatlar nazirliyin əsas tərəfdaşları olmaqdadırlar. Bir savaş qazisi kimi bir daha üzümü aidiyyatlı şəxslərə tutaraq deyirəm ki, mən sizdən nə yardım, nə mənzil, nə də avtomobil istəyirəm. Öz halal alın tərimizlə qazandığımız 34 min manat əmək haqqımızı və obyektdə işlətdiyimiz materiallara görə qalmış 20 min manat pulumuzu istəyirik”./modern.az/
MediaFax