"Qafqaz Universitetini bitirənlərin diplomlarının Azərbaycanda tanınmasında problem olmayacaq".
Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov bildirib. O qeyd edib ki, universitetin diplomlarının tanınmaması məsələsi Azərbaycana aid deyil: "Düşünürəm ki, Azərbaycanda bu məsələ ilə bağlı ciddi problem olmayacaq. Eyni zamanda vurğulamaq istərdim ki, hazırda təhsil alan tələbələrin təhsili məsələsi də müsbət həllini tapıb. Çünki onlar təhsillərini bitirdikdə artıq yeni bir universitetin məzunu olacaqlar və diplomların tanınması ilə bağlı heç bir problem olmayacaq. Bu da tələbələr üçün müsbət bir haldır”.
Nazirlik rəsmisi vurğulayıb ki, Qafqaz Universitetində təhsil alan tələbələr 2016/2017-ci tədris ilinin II-yaz semestrindən etibarən Bakı Mühəndislik Universitetinin tələbələri hesab olunacaq və təhsillərini davam etdirəcəklər: "Təhsillərini Bakı Mühəndislik Universitetində davam etdirmək istəməyən tələbələrin müraciətinə isə tədris ili başa çatandan sonra baxılacaq. Düşünürəm ki, belə istəkdə olan tələbələrin sayı çox az olacaq. Çünki Bakı Mühəndislik Universitetində tələbələrin təhsillərini yüksək səviyyədə davam etdirməsi üçün bütün şərait yaradılacaq”.
Qeyd edək ki, Türkiyə Ali Təhsil Şurasının (YÖK) qərarı ilə Qafqaz Universitetindən məzun olanların diplomları Türkiyədə tanınmayacaq. Qərara əsasən, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq./APA/
MediaFax