"Biz müsəlman ölkələrində müsəlmanların biri-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşü zamanı deyib.
"Düşünürəm ki, bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır. Biz öz fəaliyyətimizlə nəinki Qafqaz regionunda münasibətlərimiz çərçivəsində birliyi möhkəmləndiririk, həm də Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür. Biz fəxr edirik ki, Bakıdan sonra artıq Azərbaycanın ikinci şəhəri Naxçıvan 2018-ci il ərzində ISESCO tərəfindən ona təqdim edilən İslam dünyasının mədəniyyət paytaxtı adını şərəflə daşıyacaq. Bu, əlbəttə ki, bizə, bizim fəaliyyətimizə olan hörmətin əlamətidir. Biz də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal işləyirik. Bu il İslam Əməkdaşlıq Təşkilatının Sammiti keçirildi. Tədbirdə Azərbaycanın İslam həmrəyliyindəki roluna dəstək bir daha vurğulandı. Həmçinin dünyanın bütün müsəlmanları bu ilin aprelində erməni təcavüzünü pisləyiblər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu yaradıblar”, - deyə o vurğulayıb.
MediaFax