Putinin dostu Kerrinin yerinə gətirilir

ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ən yaxın köməkçiləri hesab edirlər ki, "ExxonMobil” korporasiyasının rəhbəri Reks Tillersonun Rusiyadakı iş təcrübəsi dövlət katibi vəzifəsinə digər namizədlərlə müqayisədə onun üstünlüyüdür. Bu barədə onlar bazar günü, dekabrın 11-də jurnalistlərə bildiriblər.

Trampın Ağ Ev administrasiyasına aparat rəhbəri təyin etdiyi Respublikaçılar Partiyası Milli Komitəsinin sədri Rayns Pribes ABC telekanalına müsahibəsində qeyd edib ki, Tillerson "əla iş adamı, Amerika vətənpərvəridir. Onun malik olduğu xarici ölkələrdəki iş təcrübəsi az adamda var”.

Virtualaz.org xəbər verir ki, Rusiya rəhbərliyi ilə "ExxonMobil” rəhbərinin yaxın münasibətləri barədə suala cavab verərkən Pribes deyib: "O, bütün dünyada neft axtarır. Bu məqsədlə neftin olduğu yerlərə getmək lazım gəlir. Vladimir Purin kimi insanlarla əlaqələrinin mövcudluğu bizi qorxutmamalıdır, əksinə, bu ABŞ üçün böyük üstünlük olardı”.

Trampın köməkçisi Tillersonun ABŞ dövlət katibi vəzifəsinə təyinatının həll edilmiş məsələ olmadığını da diqqətə çatdırıb. "Bu gün bununla bağlı qərar olmayacaq”, - o deyib.

Trampın seçki qərargahının başçısı olmuş və indi onun ən yaxın köməkçilərindən sayılan Kelliein Konuey "Fox News” telekanalının efirində bildirib ki, Tillersonun Rusiya ilə biznes aparması "bacarıqdır, çatışmazlıq deyil”.

Trampın dövlət katibi vəzifəsinə təyinatla bağlı qərarı bu həftənin ortalarında verməsi gözlənilir.



MediaFax